Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti: Paris-2024 bizim üçün daha uğurlu oldu
Keyfiyyətinə görə, bu olimpiada bizim üçün daha uğurlu oldu.
“Report”un Fransanın paytaxtı Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarındakı nəticələri haqda danışarkən deyib.
O, sabah 7-ci medalı qazanacağımıza inandığını deyib:
“Düşünürəm ki, Parisdə başqa yaxşı nəticələr də qazanmışıq. Basketbolçu qızların 7-ci yeri tutması, Amerika və Çin idmançılarına qalib gəlməsi çox böyük göstəricidir. Eyni zamanda gimnast qızlarımız 5-ci oldular. Bu da böyük uğurdur. Həmçinin atletikada Anna Skidanın nəticəsini qeyd etmək istərdim. Bu növdə finala çıxan idmançımız olmamışdı. Həmişə öyrəşdiyimiz güləşdə, taekvondoda, cüdoda deyil, artıq başqa idman növlərində də müəyyən uğurlarımız var”.
Komitə rəsmisi güləşçilərdən gözlənilən uğuru görmədiklərini vurğulayıb:
“Əlbəttə, daha yaxşı nəticələr gözləyirdik. Tokio-2020-də gümüş medal qazanmışdıq. Buna uğursuluq deməzdim. Müəyyən problemləri Azərbaycan millisində nəsillərin dəyişməsi ilə əlaqələndirərdim. Fikrimcə, yaş məsələsi də burada rol oynadı. Ümid edirəm yeni gənclər yetişəcək. Yeniyetmələr və gənclər arasında beynəlxalq yarışlarda gözəl nəticələr əldə etmişik”.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıb.
Polise.az