119 SAYLI AĞDAM SEÇKİ DAİRƏSİNDƏN DEPUTATLIĞA NAMİZƏD ASİF MİLLƏT OĞLU MƏMMƏDOVA (ASİF MƏRZİLİ) SƏS VERƏK!

DEPUTATLIĞA NAMİZƏD ASİF MİLLƏT OĞLU MƏMMƏDOVUN (ASİF MƏRZİLİ) SEÇKİ PLATFORMASI

Dəyərli həmyerlilərim, çox hörmətli ağdamlı seçicilərim!

Mənim sizinlə parlament seçkilərindəki bu görüşüm sayca 3-cüdür. Budəfəki görüşümüz də Milli Məclisə seçkilərlə bağlı rəsmi sayılsa da, biz az qala hər gün bir-birimizlə ünsiyyətdəyik.

Bilirsiniz ki, rəhbəri olduğum “Təzadlar” qəzetinin və eyni adlı tezadlar.az saytının, eləcə də TezadlarTV-nin fəaliyyəti daha çox işğalçı Ermənistanın quldur silahlıları tərəfindən yurd-yuvasından didərgin salınmış, yaxud yurdu işğal edilməsə də, doğma Ağdamı düşmən işğalı ilə viran qoyulmuş sizlərin dərd-sərinə bir tribuna olmuşdur.

Mən ötən seçkilərdə də kəndbəkənd gəzib sizinlə canlı ünsiyyətdə oldum. Hətta İTV-də biz namizədlərə verilən canlı efir vaxtından istifadə edərək Prezident Administrasiyasının o vaxtkı rəhbəri Ramiz Mehdiyevə xitabən dedim ki, “Çox hörmətli Ramiz müəllim, sizdən tək xahişim odur ki, imkan verəsiniz Ağdam seçiciləri özlərinə layiq olanı millət vəkili seçsinlər! Və elə bir şəxsi ki, onların dərdini başa düşüb həmdərd ola bilsin”.

Amma təəssüflər olsun ki, Ağdam uzun illərdir eyni şəxslərin 118 və 119 saylı Ağdam Seçki Dairələrindən deputat olmasına məhkum edilmişdir. Bəzən mənə elə gəlir ki, sanki Ağdam kimlər üçünsə (deputatlıq mənasında) Fransanın müstəmləkəsi olan Kataloniya timsalındadır. Axı niyə belə olmalıdır? Niyə eyni şəxslər 4-5 çağırış (20-25 il deməkdir) ardıcıl olaraq Ağdamın deputatı edilməlidir. Yəni Ağdamda seçilməyə və siz seçicilərin dərdini başa düşməyə layiqli namizəd yoxdur?! Təsəvvür edirsinizmi, 20 ildən çoxdur hansısa yolla 118 saylı Ağdam Seçki Dairəsindən deputat edilən şəxs indi də 119 saylı Ağdam Seçki Dairəsindən deputat olmağa iddialıdır, dirəniş göstərir. Nə olub, nə baş verir? Ağdamı bu qədərmi üzüyumşaq insanların yurdu biliblər, yoxsa siz seçiciləri iradəsiz, öz səsinin arxasında durmaqda zəif bilirlər?!

Sizə səslənirəm, dəyərli seçicilərim! 25 ildir 119 saylı Seçki Dairəsindən deputatınız edilmiş Bəxtiyar Sadıqovun, 20 ildir 118 saylı Seçki Dairəsindən deputatınız olmuş Bəxtiyar Əliyevin millət vəkilliyi dövründə dərd-sərinizə, probleminizə çarəni niyə bu deputatların fəaliyyətində deyil, məhz “Təzadlar” qəzetinin redaksiyasında axtarmalı olmusunuz?! Çünki onları yalnız 5 ildənbir keçirilən parlament seçkilərində şəkillərindən görüb tanımısınız. Hətta bəzilərinizlə redaksiyamızda söhbət edərkən soruşmuşuq ki, niyə bu dərdinizi deputatınıza danışıb həllinə kömək istəmirsiniz? Hər dəfə deyirdiniz ki, axı onların qəbuluna düşə bilirik ki, problemimizi, dərd-sərimizi də deyə bilək?!

İndi sözünüzü onlara demək vaxtıdır: seçkiyə gəlin və 20-25 ildir demək istədiyiniz sözünüzü tapıb deyə bilmədiyiniz deputatlığa iddialılardan kimə verəcəyiniz səsinizlə bildirin!

Ola bilər sizə, həmişə olduğu kimi, “Filankəsə səs verin!” deyənlər olsun, siz də deyin ki, “Başüstə!”. Amma seçki günü layiq bildiyiniz şəxsə səs verin, çünki seçki məntəqəsindəki səsvermə kabinəsində heç kim sizi nə görəcək, nə də təzyiq edə biləcək. Bilin və tam arxayın olun, budəfəki növbədənkənar seçki cənab Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsidir! Heç kim seçkiyə müdaxilə edə bilməz!

Dəyərli Ağdam seçiciləri!

Əvvəlki seçkilərdən də bilirsiniz ki, mənim həmişə şüarım belə idi: “Biz itən Ağdamı nə zamansa geri qaytara biləcəyik, amma itirilən ağdamlılığı qoruyun, itsə, onu geri qaytarmaq çox çətin olacaq!”.

Allaha, Prezidentə və Ali Baş Komandana, Ordumuza və xalqımıza şükürlər olsun ki, düşmən cəzasına çatdı. Cənab Prezident İlham Əliyevin dediyi kimi, qisas qiyamətə qalmadı, Ali Baş Komandan İlham Əliyevin səfərbərliyi ilə ordumuz 30 ildir Qarabağda dağıntı və viranəliklə məşğul olmuş düşmən ordusunu cəmi 44 günə darmadağın etdi, diz çökdürdü. İndi Azərbaycanın vaxtilə işğal olunmuş bütün rayonları kimi, Ağdam da qurulur, tikilir və əvvəlkindən də gözəl məcraya gətirilir. Bu quruculuqda hamılıqla iştirak etməliyik! Və bu iştirakçılıq bilin ki, həm də parlament seçkilərindəki iştirakçılığınızdan keçir!

Təbii ki, sizlərdən aldığım sorğu və təkliflərin hər birinə həssas yanaşaraq bəyan edirəm: əgər seçilərəmsə, aşağıdakı bu problemlərin həlli üçün var gücümlə çalışacağam:

Dəyərli həmyerlilərim, çox hörmətli ağdamlı seçicilərim!

– Birincisi, ötən il Ağdamda olanda vaxtilə rayon mərkəzində yaşamış əhali üçün “Fəxri xiyaban” kimi məşhur Qarağacı məzarlığını ziyarət etdim. Ermənilər qızıl diş axtarışı kimi çirkin niyyətlə bu məzarlığı goreşən kimi qazıb, mərmər başdaşlarını daşıyıb aparıblar, sonra izi itirmək üçün həmin məzarlığı şumlayıb yerində taxıl əkmişlər. Mən bu barədə Türkiyə mətbuatında da yazmışam və çalışacağam ki, həmin ərazidə vaxtilə burada dəfn olunmuş insanların xatirə kompleksi yaradılsın. Gələcək nəsil, yaxud bölgəyə gələn xarici qonaqlar (turistlər) bilsin ki, vaxtilə bu yerdə 20 mindən çox məzar olmuşdur və ermənilər bu məzarlığı bu günə salmışlar.

– İkincisi, uzun illərdir Ramiz Mehdiyev tərəfindən Ağdamın deputatı edilmişlərin ayağı bu müddətdə bir dəfə də olsun 20 mindən çox əhalinin məskunlaşdığı Ergi ərazisinə dəyməmişdir. Dəysəydi, onların ürəyi dözməzdi və bu əraziyə Qarqar çayının üzərindən keçən 12 km-lik atkeçməz yolun təmirinə əncam çəkərdilər. Etməyiblər! Amma o ərazidə yaşayan insanların 32 ildir çəkdiyi yolsuzluq dərdinə mən dözə bilməzdim. Belə ki, dəfələrlə Ağdamın sabiq rəhbərliynə bu barədə yazmış, xahişlər etmişdim. Bu yolun çəkilişindəki bəzi problemlərin rayondan asılı olmadığını demişdilər… Mən neçə ay əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri, çox hörmətli Saleh Məmmədova müraciət etdim. Söz verilib ki, yaxın günlərdə Ergi yolunun əsaslı təmirinə başlanılacaq. Bunu hörmətli S.Məmmədov Bərdədə vətəndaş qəbulu zamanı da söyləmişdir. Araşdırmışam, hazırda yolun texniki vəziyyətinə dair sənədləşmə başa çatmaq üzrədir, yaxınlarda işə başlanalıcaq.

– Üçüncüsü, rəhbəri olduğum qəzetə müraciətlərinizdən də bilirəm, cənab Prezident İlham Əliyevin Sərəncamları ilə müəyyənləşdirilmiş Böyük Qayıdış planına uyğun olaraq siz keçmiş məcburi köçkünlər bərpa edilən və ya yenidən tikilən yurdlarınıza qayıdırsınız, bu proses davam edir. Məşğulluq problemlərindən və təsərrüfatlarınız üçün torpaq sahəsindən narahatlığınız var. Bəli, vaxtilə hər birinizin böyük həyətyanı topaq sahəsi olmuşdur. Prezidentin Ağdam üzrə Xüsusi Nümayəndəliyinin rəhbəri cənab Emin Hüseynovla müsahibə-söhbətimizdən mənə aydın olub ki, dövlətimizin bu sahədə ciddi layihələri və tətbiqləri vardır. Qalır icrası. Onun icraçıları isə, inşallah, sizlər olacaqsınız. Özü də tezliklə yurda qayıdışınızla! Bu sahədə də Parlament qarşısında qaldırılmalı həlli mümkün və vacib suallarım, təkliflərim var.

– Dördüncüsü, sizləri narahat edən daha bir məsələ, yurda qayıdış dönəmində ilk günlər sosial-maddi sıxıntılar olacağındandır. Başa düşürəm ki, ötən 32 illik köçkünlük dönəmində dövlət qurumlarının yardımından asılı olmamaq üçün özünüzə müvəqqəti qazanc yerləri düzəltmişdiniz, indi yurda qayıdış vaxtı bu iş yerləri təbii olaraq itiriləcək. Amma mənim inanılmaz təkliflərim vardır və aidiyyəti dövlət qurumlarının rəhbərləri qarşısında həmin təklifləri qaldırmışam, bəzilərini ictimailəşdirmişəm. Bəyənilib. Hamısı da həlli real məsələlərdir!

– Daha bir sıra layihə-təkliflərim var ki, sizinlə görüşlərimizdə müzakirə edəcəyik, birgə qərara gələcəyik.

İnşallah, deputat seçilərmsə, bu işləri sizlərlə birlikdə yoluna qoya biləcəyik.

SONDA: Qafqaz səfərindən  xatirələrini yazan Aleksandr Dùma azərbaycanlıların xarakteri haqqında qeyd edir ki, azərbaycanlılarla hər hansı məsələ barədə razılaşmada onlar söz verdisə,  artıq onlarla müqavilə bağlamağa ehtiyac qalmir. Çünki onlar heç vaxt verdikləri sözü pozmurlar. Bu mənəvi keyfiyyətin ən böyük daşıyıcısı hörmətli Prezidentimiz İlham Əliyev cənablarıdır. “Bizim sözümüz bizim imzamızdır!” ifadəsi, sadəcə, söz deyil, onun timsalında  sözun dönməzliyinin və onun  əməllə vəhdətinin brendidir. Bu mənəvi keyfiyyət bütün azərbaycanlılar üçün nümunə olmalıdır! Mən də çalışıram və çalışacağam ki, cənab Prezident İlham Əliyevin aforizmə çevrilmiş həmin sözünün daşıyıcısı olum. Mən söz deyib iş görmürəm, iş görüb söz deyirəm! Və bilirsiniz ki, rəhbəri olduğum qəzet 31 ildir Qarabağın işğaldan azadlığına hakim şüarla nəşr olunub, bu gün də elədir. Biz təkcə işğaldan azad edilmiş Qarabağın sakinləri deyilik, biz həm də Qarabağın azad seçiləni və seçəni olmalıyıq!

Tanrı Azərbaycanı qorusun!

Qarabağ Azərbaycandır!

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button