Borel Aİ-ni israilli nazirə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borel İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
APA xəbər verir ki, Borel bu barədə özünün “X” səhifəsində yazıb.
“Bütün dünya Qəzzada atəşkəsə nail olmağa çalışarkən, nazir Ben-Qvir dinc əhalinin su və enerjisini kəsməyə çağırır. Bu, müharibə cinayətinə çağırışdır. Sanksiyalar Aİ-nin gündəmində olmalıdır”, – deyə diplomat bildirib.
Qeyd edək ki, bu, Avropa diplomatlarının İsrail rəhbərliyinə qarşı sanksiyalar tətbiq etmək üçün ilk çağırışıdır.
Mart ayında Aİ fələstinlilərə hücum edən israilli köçkünlərə məhdudiyyətlər qoyub. Hazırda Aİ-nin İsraillə bağlı qara siyahısında 17 şəxs və 3 təşkilat var.
Ben-Qvir ifrat sağçı Otzma Yehudit (Yəhudi Gücü) partiyasına rəhbərlik edir.
Polise.az