FHN-də COP29 ərəfəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə planlar müzakirə edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti növbəti müşavirə keçirib, COP29 ərəfəsində yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə planlar müzakirə edilib.
Bu barədə “Report”a nazirlikdən məlumat verilib.
Bildirilib ki, müşavirə Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət yanğın nəzarəti idarəsinin xidməti sahəsinə daxil olan ərazidə yerləşən mühüm əhəmiyyətli, təhlükə potensiallı obyektlərdə, həmçinin yaşayış sektorunda yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, eyni zamanda qarşıda duran vəzifələr və onların həlli yollarının müzakirəsi məqsədilə təşkil olunub.
Tədbirdə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Mənzil İstismar Sahəsinin rəhbər şəxsləri, bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirədə məişət və istehsalat tullantılarının qanunsuz yığıldığı ərazilərin təmizlənməsi, nasaz yanğın su hovuzları və hidrantların bərpası, mühüm əhəmiyyət kəsb edən, eyni zamanda təhlükə potensiallı müəssisələrin, yaşayış binalarının, eləcə də insanların kütləvi toplaşdığı obyektlərin yanğına qarşı vəziyyəti müzakirə olunub, nöqsan və pozuntular diqqətə çatdırılıb və problemlərin aradan qaldırılması ilə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.
Müşavirədə COP29 ərəfəsində yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsinə dair planlar müzakirə edilib.