Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclası keçirilir
Sentyabrın 9-da Azərbaycan paytaxtında Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclası işə başlayıb.
Polise.az xəbər verir ki, iclas Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə Türk Akademiyasının Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası yanında Türk Dilçilik Cəmiyyəti ilə birgə təşkil edilib.
Tədbirdə çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev Komissiyanın yaradılması prosesi barədə iştirakçılara məlumat verib, layihənin təşəbbüskarlarına və iştirakçılarına təşəkkür edib.
Ş.Mustafayev bildirib ki, görüşün əsas məqsədləri ortaq əlifba ideyasının inkişafı istiqamətində irəliləyişlərin müzakirəsi və onun təbliği istiqamətində gələcək addımların müəyyən edilməsidir. O əlavə edib: “Türk Dünyası Ortaq Əlifba Komissiyası TDT-nin təşəbbüsü ilə hər bir türk ölkəsindən dil sahəsinə cavabdeh olan iki nümayəndə iştirakı ilə yaradılıb və Türk Akademiyasının nəzdində fəaliyyət göstərir. İki il ərzində komissiyanın 2 iclası keçirilib. Birinci görüş 2023-cü il mayın 28-29-da Astanada, ikinci görüş 2024-cü il mayın 6-7-də Bakıda baş tutub. Əməkdaşlıq nəticəsində hər işarənin və onun səsinin uzlaşdırılması ilə 34 hərfdən ibarət ümumi əlifbanın yaradılması qərara alınıb”.
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, hazırda Türk dünyasının ortaq əlifbasının yaradılması türk dövlətlərinin inkişafı və sıx əməkdaşlığı kontekstində atılan zəruri addımdır. Azərbaycanda latın qrafikasına keçidin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən Emin Əmrullayev diqqətə çatdırıb ki, 2001-ci ildə “Azərbaycan əlifbasının yaradılması və Azərbaycan Dili Günü haqqında” Sərəncam imzalanıb. Ümummilli Lider ölkədə iki əlifbanın istifadəsinə son qoydu və latın qrafikasına keçidi təmin etdi. Nazir vurğulayıb ki, ortaq türk əlifbasının yaradılması sahəsində görülən işlər zamanın çağırışıdır.
İclasda qeyd olunub ki, Türk dünyasında gedən sürətli inteqrasiya prosesləri bir sıra məsələləri, o cümlədən ortaq əlifbanın yaradılmasını gündəmə gətirib.
E. Əmrullayev xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 14-də andiçmə mərasimindəki çıxışında Türk dünyası ilə əməkdaşlıq dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edilib, Türk Dövlətləri Təşkilatı vahid ailə kimi təqdim olunub.
Polise.az