Ukraynalı nazir: COP29 platforması ekoloji gündəmimizi təbliğ etmək üçün unikal imkandır

İqlim Dəyişmələri üzrə BMT-nin Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) Ukraynanın iştirak edəcəyi üçüncü iqlim sammitidir. Burada bizim öz pavilyonumuz olacaq. COP29 platforması ekoloji gündəmimizi təbliğ etmək üçün unikal imkandır.

AZƏRTAC xəbər verir ki, bu fikri Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyevlə görüşündə söyləyib.

“Sammit çərçivəsində bizim üçün təkcə Ukraynanın nailiyyətlərini təqdim etmək deyil, həm də ümumilikdə tərəfdaş ölkələrin tədbirlərinin fəal iştirakçısına çevrilmək və yeni beynəlxalq əlaqələr qurmaq vacibdir”, – deyə nazir əlavə edib.

Ukraynaya verdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirən Svetlana Qrinçuk deyib ki, Ukrayna COP29-a intensiv hazırlıqlar görür. “Bunlar qlobal məqsədlərin yenilənməsi, Paris Sazişinin 6-cı maddəsi üzrə danışıqlar, yeni tərəfdaşlar, yeni sənədlər və sair məsələlərdir. Biz BMT-nin İqlim Zirvəsi COP29-un bütün imkanlarından Ukraynanın xeyrinə istifadə üçün hər şeyi edirik”, – deyə Svetlana Qrinçuk vurğulayıb.

Səfir Seymur Mərdəliyev öz növbəsində bildirib ki, Azərbaycan COP29-da iqlim dəyişikliyinə qarşı daha davamlı və dayanıqlı dünya üçün əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. Azərbaycan dünya ölkələrini bir araya gətirmək, həmçinin iqlim çağırışlarının həlli məqsədilə əməkdaşlıq ruhunu təşviq etməyi hədəfləyir və bu işdə Ukraynanın da öz töhfəsini verəcəyinə inanır.

Səfir, həmçinin qeyd edib ki, Azərbaycan Ukraynanın ətraf mühitinin bərpası sahəsində kömək etməyə hazırdır.

Tərəflər COP29 üçün birgə təşəbbüslərin hazırlanması istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıblar.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button