Ermənistanın hərbi xərcləri rekord həddə – Azərbaycan bir an tərəddüd etməyəcək, əgər…
Ermənistan sürətlə silahlanma kursunu davam etdirir. Bu da növbəti fakt: 2025-ci il üçün ölkənin müdafiə xərcləri 20% artaraq 664 milyard dram (1,71 milyard ABŞ dolları) təşkil edəcək.
Bu sözləri maliyyə naziri Vaşe Hovhannisyan dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. “2025-ci ildə hərbi sektorun xərcləri ÜDM-in 6%-ni təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə 0,7% çoxdur”, – nazir deyib.
Öz ekspansionist siyasəti nəticəsində düşdüyü izolyasiya durumundan hələ də çıxa bilməyən cırtdan bir ölkə üçün əlbəttə ki, böyük məbləğdir. Hərgah öz boyuna, siyasi “çəki”sinə uyun davranarsa, Ermənistana heç ordu lazım deyil. Çünki qonşulardan heç kim, özəlliklə Azərbaycan və Türkiyə heç vaxt onu hədələməyib, beynəlxalq səviyyədə tanınan ərazilərinə iddia eləməyib.
Azərbaycan Ordusu 44 günlük müharibə zamanı istəsəydi İrəvana qədər gedərdi. Bunu etmədi, çünki beynəlxalq hüquqa, imzaladığı konvensiyalara sayğılıdır. Əfsus ki, eyni sözü kapitulyant tərəf haqda demək mümkün deyil. Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının qalması buna bariz sübutdur. Təkcə bu reallıq kifayətdir ki, silahlanmanın Ermənistanın daxili işi olmadığını bəyan edək, bundan narahat olaq, adekvat tədbirlər görək…
Problem də ondadır ki, sülh müqaviləsi bağlanmadığı, diplomatik əlaqələr qurulmadığı üçün iki ölkə faktiki müharibə vəziyyətindədir. Sülh sənədinə əsas əngəl də məlum – Ermənistan konstitusiyası. Bütün bunların fonunda revanşizimin güclü olduğu kapitulyant ölkənin ildən-ilə hərbi büdcəni artırmasına, hərbi arsenalını ölümcül hücum silahları ilə doldurmasına necə laqeyd ola bilərik?
Yeri gəlmişkən, “The Times of India” yazıb ki, Ermənistan ABŞ və Fransa ilə birlikdə 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük idxalçıları sırasında yer alıb. Nəşr qeyd edib ki, İrəvan son 4 ildə (44 günlük müharibədən sonra – red.) Hindistanla raketlər, artilleriya qurğuları, raket sistemləri, radarlar, gecəgörmə cihazları, eləcə də geniş çeşiddə döyüş sursatları və artilleriya mərmiləri almaq üçün bir neçə müqavilə bağlayıb. Hindistan istehsalı olan “Akaş” hava hücumundan müdafiə raketlərinin ilk xarici alıcısı da məhz Ermənistan olub.
Fransanın, ABŞ-ın, Avropa İttifaqının (Aİ) Ermənistana davam edən hərbi, hərbi texniki və maliyyə dəstəyi, həmçinin ordu quruculuğunda göstərdikləri köməyi və mütəmadi keçirilən ortaq təlimlər, sərhədimizdə Aİ-nin uzunmüddətli casus missiyasının yerləşdirilməsi də öz yerində. Sadalananları necə görməzlikdən gələ bilərik?..
Bütün bunların üstündən rəsmi İrəvanın sülhpərvərlikdən dəm vurması siyasi riyakarlıqdan savayı bir şey deyil. Öz qapıbir qonşuları ilə əmin-amanlıq içində yaşamaq istəyən ölkənin davranışı belə olmur, ola bilməz. Bunun adı həm də “dəvəquşu siyasəti”dir.
Amma Azərbaycan, onun siyasi və hərbi rəhbərliyi öz xəbərdarlığını edib. Həm də dönə-dönə. Prezident İlham Əliyev net şəkildə bildirib ki, əgər görsək ki, Ermənistanın silahlanması artıq təhlükəli həddə çatıb, heç kimdən soruşmadan həmin təhlükələr neytrallaşdırılacaq. Yəni qonşu ölkə ərazisindəki hımin legitim hədəflər mıhv ediləcək.
Qoy kimsənin şübhəsi olmasın, Qarabağa, azad olunmuş digər torpaqlarımıza geri dönən və dönəcək əhalimizin təhlükəsizliyi məsələsində Azərbaycan dövləti və onun Ordusu, komandoslarımız, “Yaşma” zərrəcə tərəddüd etməyəcək. Bunu qonşu ölkədəki “göylə gedən” vrevanşist xislətlilər və onların xarici havadarları unutmasın! Boşuna hərbi büdcələrini də artırmasınlar. Silahlanma yarışında Azərbaycana çatmaq, onunla ayaqlaşmaq mümkünsüz…
Musavat.com
Polise.az