Özbəkistanda Azərbaycanın Zəfər Günü münasibəti ilə tədbir keçirildi

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın Zəfər Günü ilə bağlı böyük konsert tədbiri keçirilib.

Polise.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, Azərbaycan diasporunun üzvləri, tələbələr, jurnalistlər iştirak edib.

Əvvəl iştirakçılar Mərkəzin foyesində Azərbaycan xalqının zəfərinə həsr edilmiş foto və kitablardan ibarət sərgiyə baxıblar.

Qonaqları salamlayan Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev 44 günlük Vətən müharibəsi, torpaqlarımızın Ermənistanın işğalından azad olunması, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı və şücaəti haqqında söhbət açaraq 2020-ci ilin 27 sentyabr tarixində düşmənin bütün cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin döyüş mövqelərini və yaxınlıqdakı yaşayış məntəqələrini müxtəlif silahlardan istifadə etməklə atəşə tutduğunu, mülki əhali arasında qırğının qarşısını almaq və itirilmiş torpaqlarımızı qaytarmaq məqsədi ilə ali baş komandanlıq tərəfindən bütün cəbhə xətti boyu hərbi əməliyyatların başlanmasına əmr verildiyini və bununla da II Qarabağ müharibəsinin başlanmış olduğunu deyib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi Azərbaycan əsgərinin şücaəti şəhidlərin qanı canı bahasına cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan 28 ildən sonra öz torpaqlarını azad etmiş, tarixi Zəfəri qazanmış, şəhidlərimizin qanını yerdə qalmamış, qisasları alınmışdır. N.Əlimirzəyev 8 noyabr tarixində Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin işğaldan azad olunduğu günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən 8 noyabr zəfər günü kimi qeyd olunduğunu da söylədi.

Çıxış edən Özbəkistan Ali Məclisinin deputatı Gülbahar Saidqaniyeva müharibə dövründə Ermənistanın Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərini, kəndləri, mülki əhalini böyük dağıdıcı gücə malik raketlərlə atəşə tutmaqla beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquqa, Cenevrə Konvensiyasının öhdəliklərinə zidd olan müharibə cinayətləri törətdiyini vurğulayıb. Lakin rəşadətli Azərbaycan ordusunun düşmənə layiqli cavab verərək tarixi qələbə qazanıldığını söyləyən deputat bütün Azərbaycan xalqını tarixi Zəfər günü münasibətilə təbrik edərək özbək xalqının hər zaman öz qardaşlarının yanında olduğunu vurğulayıb.

Rəsmi hissədən sonra keçirilən konsertdə Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Özbəkistan, Başqırdıstan və Tatarıstanın xalq artisti Jenisbek Piyazov, Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev, Özbəkistanın “Özbəyim yoşları” (Özbəyim gəncləri) musiqi qrupunun  üzvləri Azərbaycan və özbək dilində mahnılar, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button