Azərbaycanın “yaşıl enerji” təşəbbüslərini dəstəkləməyə hazırıq

Qırğızıstan Azərbaycanın “yaşıl enerji” təşəbbüslərini dəstəkləməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Qırğızıstanın energetika naziri Taalaybek İbrayev noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda bildirib.

“Yaşıl enerji” dəhlizləri və zonalarının inkişafı iqlim dəyişikliyi və “təmiz elektrik enerjisi” istehsalı məsələlərinin qlobal səviyyədə həlli üçün əsas təşkil edir. Bütün ölkələrin energetika nazirliklərinin qarşısında çətin vəzifə durur: istixana qazı emissiyalarını azaltmaq və eyni zamanda əhalini “təmiz yaşıl elektrik enerjisi” ilə təmin etmək”, – o vurğulayıb.

Nazir əlavə edib ki, “yaşıl strategiya”nın həyata keçirilməsi və 2050-ci ilə qədər sıfır emissiya səviyyəsinə nail olmaq çərçivəsində energetika nazirlikləri “təmiz enerji”nin istehsalı, saxlanması, tranziti və təchizatı üzrə innovativ texnologiyaların tətbiqi ilə enerji balansı strukturunda hər il bərpa olunan enerji mənbələrinin payını artırmalıdır: “COP29-un iki bəyannaməsinə qoşulmaq iştirakçıları ənənəvi enerji resurslarından asılılığın azaldılması və “təmiz enerji”nin inkişafı üzrə kompleks tədbirlər görməyə məcbur edir. Bu o deməkdir ki, mövsümi dəyişikliklərə və hava şəraitinə qarşı güclü və dayanıqlı “yaşıl generasiya” sistemi yaratmaq lazımdır. Yəni yeni külək, günəş və su elektrik stansiyaları, enerji infrastrukturları inşa etmək, kadr potensialını artırmaq, enerjiyə qənaət edən, enerji səmərəli texnologiyalara keçmək lazımdır”.

T.İbrayev qeyd edib ki, bu istiqamətdə Qırğızıstanda kiçik su elektrik stansiyalarının, yeni günəş elektrik stansiyalarının tikintisində bum müşahidə olunur: “Ölkə sürətlə “yaşıl enerji”nin yeni dövrünə keçir. “Yaşıl enerji” dəhlizləri, zonaları və “təmiz enerji”nin saxlanması texnologiyalarının yaradılması, vahid fəaliyyət planının hazırlanması və iqlim maliyyəsinin gücləndirilməsi üzrə Azərbaycan tərəfinin təşəbbüslərini dəstəkləməyə hazırıq”.

O, həmçinin vurğulayıb ki, bərpa olunan elektrik enerjisi mənbələrinin birgə işə salınması hesabına layihələrdə ekoloji “təmiz enerji”nin istehsalını nəzərə almaqla Qırğızıstanda və bütövlükdə regionda su ehtiyatlarından daha səmərəli istifadə və idarəetməyə nail olmaq mümkündür: “Bu tədbirlər təkcə ölkəmizin deyil, digər ölkə və regionların da enerji, ekoloji və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək”.

Bununla yanaşı, Qırğızıstan rəsmisi iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button