70 kiloqram qızılla tutulan şəxs generalın qardaşı oğludur – yeni gəlişmə

Türkiyədə 70 kiloqram qızılla saxlanılan, sonradan Bakıya çağırılaraq həbs olunan hərbi attaşe Qəhrəman Şamil oğlu Məmmədovla bağlı yeni təfərrüatlar üzə çıxıb.

Polise.az xəbər verir ki, bu haqda “Yeni Sabah” məlumat yayıb.

Sayt xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli Qəhraman Məmmədovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, general-mayor Cavanşir Məmmədovun qardaşı oğlu olması barədə məlumat yayıb:

“Qəhrəman Məmmədov babasının, yəni generalın atasının adını daşıyır. Cavanşir Məmmədov Türkiyədə uzun müddətdir ki, biznes sahibidir, 2013-cü ildə 400 min lirə (o zamankı kursla 200 min dollar) nizamnamə kapitalı ilə Marşal Yapı Turizm İnşaat Emlak Müşavirliyi Sanayi ve Ticaret Limited və Humnac Ticaret şirkətlərini qurub, tikintisi biznesi ilə məşğul olub. Generalın təqaüdə çıxdıqdan sonra Fransada özünə biznes qurduğu haqda məlumatlar yayılsa da, xəbərlər özünü doğrultmayıb”.

Xatırladaq ki, Qəhrəman Məmmədov bir neçə gün əvvəl Türkiyədə “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılıb. Türkiyə mətbuatında M.Q.Ş. kimi təqdim edilən həmin şəxs polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədov olduğu üzə çıxıb. Onun 70 kiloqram qızılı Türkiyəyə Ərəbistandan gətirdiyi bilinir.
Türkiyə mediasının yaydığı məlumata əsasən, o, qızıl qaçaqmalçılığında ittiham olunur. Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı qaçaqmalçılıq barədə məlumat əldə edilib və 70 kiloqram qızılın qaçaq yolla daşınması üzə çıxıb. Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb.

Məlumata görə, Qəhrəman Məmmədov əvvəllər Azərbaycanın dövlət strukturlarında, xüsusən də 2017-2021-ci illərdə Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə çalışıb. Bildirilir ki, qaçaqmalçılıq əməliyyatı Səudiyyə Ərəbistanı ərazisindəki müəyyən ticarət və tranzit əlaqələri vasitəsilə həyata keçirilib. Diplomatik toxunulmazlıq hüququndan istifadə olunaraq qızılın sərhəd keçidlərində yoxlanışdan kənar daşındığı ehtimal olunur. Hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində bu şəbəkənin bir hissəsi olaraq onun adının hallandığı bildirilir. Araşdırmalar göstərir ki, ittiham olunan diplomat ya qaçaqmalçılıq şəbəkəsinin birbaşa iştirakçısı olub, ya da bu əməliyyata bilərəkdən və ya bilməyərəkdən cəlb edilib. Hələlik məsələ ilə bağlı istintaq davam edir və hadisənin tam mənzərəsi aydınlaşmayıb.

İndi əsas suallardan biri budur ki, qızıl qaçaqmalçılığının arxasında kim dayanır? Ələ keçən Qəhrəman Məmmədov sadəcə diplomatik toxunulmazlığından istifadə edib qaçaqmalçılıq edib, yoxsa kuryer olub?

Qəhrəman Məmmədovun Türkiyədə saxlanılmasından 1 gün sonra ölkəyə çağırılması, qısa araşdırmanın ardından həbsi onu deməyə əsas verir ki, qaçaqmalçılıq məsələsi ciddi şəkildə araşdırılacaq.

Qeyd edək ki, Qəhrəman Məmmədov 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Həbsinə qədər Səudiyyə Ərəbistanında hərbi attaşe olub. Barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi istintaq olunur. Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 – ölkə hüdudlarından kənarda qaçaqmalçılıq, 341.1 – vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham elan edilib.

İttihamlara əsasən, Qəhrəman Məmmədovun ölkə xaricində hərbi attaşe vəzifəsini icra edərkən qeyri-qanuni fəaliyyətlə məşğul olduğu iddia edilir. Digər bir iddiaya görə, onun adı xarici ölkələr arasında qaçaqmalçılıq təşkil edən şəbəkənin fəaliyyətində hallanıb. Bu hadisə Azərbaycanda diplomatik toxunulmazlıq imkanlarından şəxsi məqsədlər üçün istifadə edən şəxslərin məsuliyyət məsələsini yenidən gündəmə gətirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button