Suriya xalqı öz gələcəyini yenidən quracaq – Hakan Fidan
Suriya xalqı özü ölkəsinin gələcəyini yenidən quracaq.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada çıxışı zamanı deyib.
Diplomat Ankaranın Suriyanın milli birliyi, suverenliyi və ərazi bütövlüyünə böyük önəm verdiyini vurğulayıb.
Nazir Suriya rejiminin devrilmiş rəhbəri Bəşər Əsədin harada olması ilə bağlı açıqlama verməyib və onun harada olduğunu bilmədiyini qeyd edib. “O, yəqin ki, Suriyadan kənardadır” deyə Fidan təklif edib.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, ölkəsini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq öz vətənlərinə qayıda bilər.
Onun sözlərinə görə, Ankara Suriyadakı son hadisələr fonunda regionda və onun hüdudlarından kənarda bütün aktorları “ehtiyatlı və sakit” hərəkət etməyə çağırır. “Biz regionu daha dərin qeyri-sabitliyə aparmamalıyıq” dedi.
O, həmçinin qeyd edib ki, “Suriya dövlət strukturları qorunmalı və müxalif qüvvələr dərhal birləşməlidir”.
Xarici işlər naziri əmin edib ki, Türkiyə qonşu ölkələrlə birlikdə bütün mövcud imkanlardan istifadə edərək, ölkənin bərpası üçün Suriyanın yeni hakimiyyət orqanları ilə birlikdə çalışacaq.
Fidan həmçinin terror təşkilatları İŞİD və PKK-nın mövcud vəziyyətdən sui-istifadə etməsinin yolverilməzliyini vurğulayıb. “Biz İŞİD və PKK-nın bu prosesdən sui-istifadə etməməsi üçün son dərəcə ehtiyatlı davranırıq. Biz amerikalı dostlarımızla əlaqə saxlayırıq”, – deyə o bildirib.
Polise.az