Tramp Avropanı şantaj edir – İLGİNC DETALLAR
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkəsinin Şimali Atlantika Alyansından çıxma ehtimalını istisna etməyib.
Tramp vurğulayıb ki, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq.
Həmçinin, o, Ukraynaya hərbi yardımı azaldacağını da elan edib.
Ukraynaya hərbi yardımın gələcəyi ilə bağlı sualı cavablandıran Tramp qeyd edib ki, o, vəzifəyə gəldikdən sonra Kiyev ABŞ-nin əvvəlki səviyyədə dəstəyini görməyə bilər.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımlı bildirib ki, Trampın bu tipli açıqlamaları sadəcə olaraq, Avropa İttifaqını şantaj etmək və onların üzərinə müəyyən öhdəliklərin qoymaqdan ibarətdir:
“ABŞ-nin NATO-dan çıxmaq kimi bir fikri yoxdu. Bu gün ABŞ böyük həcimdə vəsaitlər xərcləyərək NATO-nu ayaqda tutur və bununla da Avropanın təhlükəsizliyini təmin edir. Əvəzində isə Avropa ölkələri qazandıqları pulları daha çox özlərinin sosial rifahına xərcləyirlər.
Beləliklə, Avropada həyat səviyyəsi Amerikanı ötüb. Ona görə də Tramp Avropalı tərəfdaşlarına təzyiq edir ki, onlar da NATO-nun nizamnaməsində nəzərdə tutulduğu kimi ümumdaxili məhsulun 2 %-ni NATO-nun saxlanmasına və hərbi xərclərə yönəltsinlər.
ABŞ-nin NATO-dan çıxması ona bir fayda verməz, əksinə zərərinə olar. Çünki NATO Amerikanın dünyada hegemonluğunu təmin edəcək əsas alət olaraq qalmaqdadır”.
Onun sözlərinə görə, Tramp Ukrayna məsələsində də şantaja əl atıb:
“Trampın özünün sülh ilə bağlı təklifi və müəyyən planı var. Əslində Tramp məhz bu formada Ukraynaya təklif edir ki, sülh masasına otur, müəyyən güzəştlərə get və mən səni müdafiə edim.
Bildirim ki, məhz Ukrayna Prezidenti də bu görüşlərdən sonra müəyyən güzəştlərə gedə biləcəyinə dair açıqlamalar verdi. Əgər Ukrayna Trampın planını qəbul etməsə, masaya oturmasa, ABŞ yardımları azaldacaq.
Amerika olaraq bu yardımların daha çox Avropa tərəfindən ödənilməsini təmin edəcək ki, bu da Ukrayna üçün çətin bir vəziyyət yaradar. Bu Ukraynaya müəyyən təzyiq obyektidir. Eyni zamanda Tramp Rusiyaya da təzyiqi edir.
Tramp təklif edir ki, onun Ukrayna ilə bağlı planını qəbul etsin və müharibə dayansın. Əgər Rusiya bunu qəbul edəcəksə, Amerika Rusiyaya qarşı münasibəti yumşaldacaq”.
Polise.az