Aİ nazirləri Gürcüstana qarşı sanksiya müzakirələrinə başlayır
Dekabrın 16-da keçiriləcək görüşdə Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri Gürcüstan hakimiyyətinə qarşı sanksiyaları, o cümlədən bu ölkənin diplomatları və rəsmiləri üçün viza rejiminin mümkün tətbiqini müzakirə edəcəklər.
Musavat.com xəbər verir ki, məlumatı Brüsseldə jurnalistlərə Aİ-nin yüksək səviyyəli nümayəndəsi açıqlayıb:
“Mümkün yeni tədbirlərlə bağlı müzakirələr aparılacaq. Bəli, repressiyalara və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı mümkün sanksiyalar, həmçinin diplomatlar və rəsmilər üçün viza rejiminin yenilənməsi imkanları müzakirə olunacaq”.
Eyni zamanda diplomat vurğulayıb ki, Aİ hazırda Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv etməyi düşünmür, çünki onlar ölkə hakimiyyətinin hərəkətlərinə görə pul ödəməli deyillər: “Gürcüstan xalqı qorunmalıdır, o, hökumətin hərəkətlərinin əvəzini ödəməməlidir”.
Qeyd edək ki, bir gün əvvəl ABŞ Gürcüstan rəsmiləri üçün viza sanksiyaları tətbiq edib.
Polise.az