Mahir Əsəddən ÇEVRİLİŞ TƏHDİDİ: “Suriya xalqı buna imkan verməyəcək”

“Suriyada hazırkı vəziyyət onu göstərir ki, HTŞ (Heyət Təhrir əş-Şam) rəhbəri Əbu Məhəmməd əl-Qolani nəzarəti həyata keçirdiyi müddətdə sərt şəriət qaydalarını tətbiq etməyib. Əksinə, daha yumşaq, fərqli yanaşma nümayiş etdirərək dini sistemdən çox, dünyəvi rejim tərəfdarı kimi çıxış edib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

Analitik Suriyada Əsəd rejimin devrilməsindən sonra ölkədən qaçan Suriya ordusunun general-mayoru, Respublika Mühafizləri və IV Zirehli Diviziyanın komandanı Mahir Əsəd haqqında yayılan iddialara münasibət bildirib.

Xatırladaq ki, 8 dekabr bazar günü Bəşər Əsədin ölkədən qaçmasından sonra kiçik qardaşı Mahir Əsədin harada olması ilə bağlı dəqiq informasiyalar yoxdur. Sosial şəbəkələrdəki iddialara görə, Mahir Əsəd pərəm-pərəm olmuş IV Zirehli Diviziyanı yenidən toplayaraq, İraqdakı İranın proksi şiə milis güclərinin yardımı ilə Suriyanı geri qaytarmaq üçün mübarizəyə qoşulacaq. İddialardan biri də budur ki, M. Əsəd ölkədəki radikal-islamçı güclərin hakimiyyətə gəlməməsi üçün bir sıra əməliyyatlar həyata keçirə bilər.

O. Qasımov isə diqqətə çatdırıb ki, 2 gün öncə mətbuat nümayəndələri ilə keçirilən görüşdə əl-Qolaninin açıqlamalarına əsasən, belə qənaətə gəlmək olar ki, HTŞ Suriyada islamçı rejim deyil, dünyəvi bir dövlət sistemi qurmağı hədəfləyir:

“Bölgədə marağı olan qüvvələrin, o cümlədən İranın və beynəlxalq qurumların məhz belə bir rejim modelini dəstəklədikləri müşahidə edilir. BMT-nin 2254 saylı qətnaməsində də vurğulanıb ki, Suriyanın gələcəyində bütün etnik və dini qrupların hüquqlarını tanıyan və müdafiə edən bir sistem qurulmalıdır.
O ki qaldı Bəşər Əsədin qardaşı Mahir Əsədin son açıqlamalarına, bu bəyanat ilə İran rəhbərliyinin yanaşmaları arasında bir əlaqə görmək mümkündür. İranın rəhbəri Ayətullah Seyid Əli Xamenei dəfələrlə bəyan edib ki, onlar Suriyada yeni hakimiyyəti devirmək üçün bütün imkanlarını səfərbər edəcəklər. İranın mövqeyini isə başa düşmək çətin deyil: 40 ildən artıq bir müddətdə bu bölgəyə böyük yatırımlar edən İran Suriya vasitəsilə Aralıq dənizinə çıxış əldə edərək. İsrailə qarşı təzyiq imkanları qazanmışdı. Lakin son hadisələr, xüsusilə də İsrail ilə yaşanan bir neçə hərbi qarşıdurma İranın bölgədəki mövqeyinə ciddi zərbə vurub və onu xeyli zəiflədib”.

Siyasi təhlilçinin fikrincə, general-mayor M. Əsədin Suriya Silahlı Qüvvələrinin IV Zirehli Diviziyasını toplayaraq yeni qüvvələrlə hakimiyyəti dəyişəcəyinə dair bəyanatı inandırıcı görünmür:

“Yeni rejimin də kifayət qədər əleyhdarları olsa da, bu planı dəstəkləyən qüvvələrin təsiri məhduddur. Əsəd rejimi PKK, “Həşdi Şabi” və digər qruplaşmalardan istifadə etməyə çalışsa da, belə bir cəhdin uğurlu olacağı ehtimalı azdır. Xüsusilə də Türkiyə, İsrail və ABŞ-mom bölgədəki təsiri nəzərə alınarsa, bu cür planların həyata keçməsi real görünmür. Çünki hazırda Türkiyə və İraq arasında konstruktiv əməkdaşlıq mövcuddur və hər iki dövlət bölgədə sabitliyin qorunmasına maraqlıdır. Terror təşkilatlarına qarşı birgə mübarizə də bu əməkdaşlığın əsasını təşkil edir. Belə bir şəraitdə Mahir Əsədin bəyanatları daha çox İranın və digər maraqlı dövlətlərin diqqətini çəkmək məqsədi güdür”.

“Nəticə etibarilə, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada yaranan yeni mühitdə xalqın reaksiyaları göstərir ki, cinayətkar rejimə qarşı ciddi bir etiraz mövcuddur. Suriyada həbsxanalarda törədilən cinayətlər və digər hadisələr Suriya xalqının belə bir avantüranın təkrarlanmasına imkan verməyəcəyini nümayiş etdirir. Bölgədə marağı olan qüvvələr də belə cəhdlərin qarşısını almaqda qərarlıdır” – deyə o, fikirlərini tamamlayıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button