Tramp istədiyinə nail olsa…: Dünyanı bu təhlükələr gözləyir – SENSASİYA

İqtisadçı: “Bazara əlavə həcmlərin girməsi qiymətlərin çox sərt enişinə səbəb ola bilər”

Dünyada müşahidə olunan iqtisadi-siyasi hadisələr fonunda əsas xammal bazarlarında dalğalanmalar qeydə alınmaqdadır. Xüsusilə dünyanın diqqətində olan neft bazarında son iki ayda gedən proseslər, qlobal neft təklifi və tələbinə, həmçinin qiymət dəyişikliyinə dair proqnozların sürətlə dəyişməsi diqqəti cəlb edir. Əksər analitik mərkəzlər və beynəlxalq qurumlar neftə tələbatın azalması, təklifin daha sürətlə artması nəticəsində neft qiymətlərinin daha da düşəcəyini proqnozlaşdırırlar. Xüsusilə neftin dünya bazar qiyməti olaraq 40-50 dollarlıq aralığı hədəf elan edən Donald Trampın ABŞ-da yenidən prezident seçilməsi ən azı yaxın 4 ildə neft bazarında təlatümlərin olacağından xəbər verir.

Son vaxtlar OPEK+ razılaşması daxilində artan narazılıq bu alyansın hasilatı azaltmaqla bazarda qiymətləri saxlamaq imkanlarının tükənməkdə olduğundan xəbər verir. Belə ki, ABŞ, Braziliya və Qayana kimi alyansa daxil olmayan neft istehsalçıları hasilatı sürətlə artırmaqla OPEK+ üzvlərinin bazardan çəkdikləri həcmlərin mühüm hissəsini təmin edirlər. Bu isə alyansın bazar payının sürətlə azalmasına və üzv ölkələrin narazılıqlarına gətirib çıxarır.

Dünya bazarlarında neft ucuzlaşıb - SON QİYMƏT - FED.az

Bundan əlavə, dünyanın ən böyük istehlakçısı olan Çində iqtisadi artım sürətinin zəifləməsi fonunda hakimiyyətin yetərli iqtisadi dəstək mexanizmləri tətbiq etməməsi neftə tələbatla bağlı ciddi çağırışlar formalaşdırır. Buna görə də əsas anailitik mərkəzlər artıq neçənci dəfədir ki, neftə tələbat və qiymətlərlə bağlı proqnozlarında azalma istiqamətində dəyişiklik edirlər. ABŞ Energetika Nazirliyi dekabr hesabatında 2024-cü ildə Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu bir barel üçün 80,95 dollardan 80,49 dollara endirib. Nazirlik gələn il üçün qiymət proqnozunu daha kəskin azaldıb. Belə ki, quruma görə, 2025-ci ildə Brent markalı neftin qiyməti 73,58 dollar təşkil edəcək. Əvvəlki proqnozda bu göstərici 76,06 dollar idi.

Nazirliyin hesablamalarına görə, 2025-ci ildə qlobal neft tədarükü sutkada 1,6 milyon barel arta bilər və bu artımın 90 faizi OPEC+ üzvü olmayan ölkələr tərəfindən təmin ediləcək. Eyni zamanda neftə tələbat sutkada 1,3 milyon barel arta bilər. Bundan əlavə, qurum WTI markalı neftin qiyməti 2024-cü ildə bir barel üçün 76,51 dollar, 2025-ci ildə isə 69,12 dollar səviyyəsində proqnozlaşdırır.

OPEC isə dekabr hesabatında 2024-cü ildə neftə tələbat artımına dair proqnozunu dördüncü dəfə azaldıb və bu dəfə azalma daha kəskindir. Belə ki, OPEK-in hesablamalarına əsasən 2024-cü ildə neftə gündəlik tələb 1,61 milyon barel artmış olacaq. Bu, əvvəlki proqnozdan 210 min barel azdır. OPEK 2025-ci ildə dünyada  neftə tələbin əvvəlki proqnozundan 90 min barel daha az – 1,45 milyon barel artacağını gözləyir. Halbuki ilin əvvəlində OPEC neftə tələbatın sutkada 2,25 milyon barel artaraq 104,4 milyon barelə, 2025-ci ildə isə 1,8 milyon barel artacağını gözləyirdi.

Qarşılamaqda olduğumuz 2025-ci ildə dünya neft bazarını nələr gözləyir? Qiymət dəyişiklikləri hansı istiqamətdə gedə bilər? Sualları cavablandıran iqtisadçı-ekspert Elman Sadıqovun  “Yeni Müsavat”a dediyinə görə, neft qiymətləri adətən tsikllər əsasında dəyişir: “Məsələn, 70-ci illərdə neft qiymətləri kəskin artdı, 80-ci illərdə kəskin düşdü, 90-cı illərdə sabit qaldı, 2000-ci illərin əvvəllərində kəskin sıçrayışla qalxdı, 2015-ci ildə eyni qaydada düşdü, qısa müddətdən sonra yenidən artdı. Hazırda neft qiymətlərini müəyyən dərəcədə yüksək həddə sabitləşmiş saymaq olar. Buna bir sıra amillər səbəb olub: Liviyada hasilatın düşməsi, İraqın, Venesuelanın bazardan kənarda qalması, İran neftinə qarşı sanksiyalar. İndi Liviya və İraq nefti tədricən bazara qayıdır, İranla bağlı vəziyyət qeyri-müəyyəndir”.

Ekspert bildirir ki, Tramp iqtisadçı deyil, biznesmendir: “İqtisadçı ilə biznesmen arasında ciddi fərqlər var. İqtisadçı elə həll yolu, inkişaf planı qurur ki, hamı bundan pay götürür, bütün tərəflər qazanır. Biznesmen isə ilk növbədə öz qazancını güdür, hər şeyi öz mənafeyi baxımından planlayır və həyata keçirir. Tramp da biznesmen olduğuna görə yalnız Amerikanın mənafeyini düşünərək plan qurur. Hesab edir ki, yalnız Amerika qazanmalıdır. Lakin dünyanın əsas ehtiyat valyutasına malik ölkə digər ölkələri də nəzərə almalıdır, əks halda, valutanın mövqeyi zəifləyəcək. Tramp rüsum siyasəti üzərində oynayır, bilir ki, bu siyasət ölkə daxilində inflyasiya proseslərini sürətləndirəcək. Bunu isə enerji qiymətlərini aşağı salmaqla kompensasiya etməyi planlaşdırır. İkinci bir planı dolları ucuzlaşdırmaqdır. Bunu inflyasiya ilə etməyi planlaşdırır, lakin nəzərə almaq lazımdır ki, Federal Ehtiyatlar Sistemi inflyasiyanı azaltmaq üçün faizləri qaldırmalı olacaq ki, bu da iqtisadi artımı zəiflədəcək. Trampın üçüncü mühüm planı neft istehsalını artırmaqla dünya bazarında qiymətləri 40-50 dollara qədər ucuzlaşdırmaqdır. Lakin bu, baş tutacaq məsələ deyil, çünki ABŞ-da şist neft istehsalı neftin 45-55 dollar aralığında gəlirli olur. Buna görə də Tramp sonra hədəfini 50-60 dollara qədər yüksəltdi. Bu, normal bir qiymət aralığıdır və ona nail olunması kifayət qədər realdır. Burada Venesuela, İran neftinin bazara çıxmasını asanlaşdırmaq və sair yollar  var. Tramp Amerikanın neft istehsalçılarını hasilatı artırmağa stimullaşdırmağa hazırlaşır. Yəni istəyir ki, hasilatı və ixracı artırmaqla gəliri artırsınlar, nəinki baha qiymətə az məhsul satmaqla. Qeyd edim ki, bazara çox neft çıxarmaqla neft qiymətlərini 10-15 faiz azaltmaq mümkündür”.

Ekspertə görə, Trampın planı o halda pozula bilər ki, çox ciddi beynəlxalq səviyyəli konfliktlər baş versin: “Bu halda, qiymətlərin yüksəlməsi mümkündür. Digər bir məsələ, ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqlərinin neft hasilatçısı olmasıdır. Məsələn, Səudiyyə Ərəbistanının büdcəsi neftin 80 dollarlıq qiymətinə əsaslanır. Bu ölkənin ABŞ bazarına çoxlu investisiyaları var və bunu nəzərə almamaq mümkün deyil. Hər bir halda, Trampın neft qiymətlərini 60 dollara qədər azaltması mümkündür, realdır. Bu qiymət uzun müddət davam etsə belə, Azərbaycan üçün də ciddi problem yaranmaz. Lakin qəfildən bazara külli miqdarda neft çıxarılması qiymətlərin kəskin azalmasına gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, gələn il üçün qlobal neft təklifinin tələbdən 1 milyon barel yüksək olması gözlənilir. Bu şəraitdə bazara əlavə həcmlərin girməsi qiymətlərin çox sərt enişinə səbəb ola bilər. Belə şəraitdə OPEK+ alyansının öz hasilatını bazarda qiymətləri tənzimləyəcək səviyyədə azaltması sual altındadır, şünki azalan həcmləri o biri istehsalçılar tuturlar”.

İlham Şaban: ""Neftdən bizə heç nə çatmadı” fikrində yaşayan vətəndaşlar bilməlidirlər ki, yaxşı gəlir gələndə, Aİ-92-ni 40 qəpiyə alırdılar" Pravda.az

 İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın dediyinə görə, növbəti il üzrə enerji bazarındakı qiymətlərlə bağlı proqnozlaşdırma aparmaq xeyli çətindir: “Çünki biz 2025-ci ildə bu ildən Yaxın Şərqdən başlanan dünyanın siyasi xəritəsinin yenidən çizilməsi prosesinin davamını görəcəyik. Bu sahədə ən mühüm məsələ Rusiya-Ukrayna müharibəsidir. Yeni administrasiya Rusiya ilə dil tapa biləcəkmi, Rusiyanın maraqları Avropanın təhlükəsizlik sistemində nəzərə alınacaqmı, alınmayacaqsa, bu konfrontasiya nə qədər davam edəcək? Bu il Rusiyanın büdcəsində hərbi xərclər ilk dəfə 100 milyard dollara çatıb, gələn il üçün 120 milyard dollar proqnozlaşdırılıb. Eyni zamanda son 35 ildə ilk dəfə Avropanın hərbi büdcəsi ən yüksək səviyyəyə çatıb. Yəni hərbi xərclərin artması o deməkdir ki, əlavə dəyər yalnız iqtisadiyyatın hərbi sənayesində yaranır. Bu yaranan əlavə dəyər isə digər sahələrdə əlavə dəyərin yaranmasına gətirib çıxartmır: güllədir, bombadır, raketdir atılır,  məhv olur. Bu məhv olan sursatın yerini doldurmaq üçün yenidən əlavə vəsait sərf edilir. Nəticədə əhalinin alıcılıq qabiliyyəti artmır, ticarətin əvvəlki səviyyədə olmamasına gətirib çıxaran baryerlər yaranır. Belə bir şəraitdə neft qiymətləri üzüaşağı – 50 dollara da gedə bilər, 80 dollara da. Mən hələ 2025-ci il qədər dumanlı perspektivlərin olduğu il xatırlamıram”.

Ekspert deyir ki, 2025-ci ildə Azərbaycanın dövlət büdcə xərcləri ilk dəfə 40 milyard manatı keçəcək: “Bu xərclər arasında hərbi xərclərimiz daha çox artaraq 8 milyard manata çatır. Bu isə o deməkdir ki, dumanlı perspektivlər fonunda Azərbaycan da öz müdafiə qabiliyyətini artırmaq məcburiyyətində qalır və reallıqda, başqa yolu da yoxdur. Dövrün şərtləri bunu tələb edir, əks halda, Azərbaycan heç də yaxşı durumla üzləşməz. Hökumət kifayət qədər çevik hərəkət etməli, bazarda olan dəyişikliklərə adekvat reaksiya verməlidir. Bürokratik ləngliyin daxili bazarın qorunması prosesinə mane olmasına imkan verilməməlidir. Ətrafımızdakı ölkələrdə milli valyutaların sürətlə dəyərsizləşdiyini görürük: rubl, lirə, təngə. Bizimlə çox böyük ticari əlaqələrin mövcud olduğu ölkələrdəki bu proseslərdən Azərbaycanın da təsirlənməsi qaçılmazdır. Hələlik hökumət manatın məzənnəsini sabit saxlayır.  Gələn il üçün neft hasilatının və ixracının azalması gözlənilir. Qiymət də düşərsə, vəziyyət kifayət qədər ciddi olacaq. İdxalın sürətlə artması da problemləri dərinləşdirir”.

İ.Şabanın fikrincə, 2025-ci ildə Avropa bazarında qazın qiymətinin daha yüksək olacağı gözlənilir. Bu da Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirlərin artmasına səbəb olacaq: “Bir məsələ var ki, Dövlət Neft Fondunun “Şahdəniz”dən gəlirləri çox cüzidir. Nə hökumət, nə xarici şirkətlər, nə də SOCAR buna aydınlıq gətirmir ki, niyə belədir? Mən şəxsən bir sahə eksperti kimi bunun səbəbini aydınlaşdıra bilmirəm. Ümid edək ki, gələn il şəffaflıq güclənəcək və məsələnin izahı veriləcək”. /Dünya SAKİT, “Yeni Müsavat”/

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button