İŞİD rəmzli təhdid: Radikal təhlükələrin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Son günlərdə Qusarda baş verən silahlı insident ictimaiyyətin diqqət mərkəzindədir. Radikal təriqətçi olduğu bildirilən və əvvəllər bir neçə dəfə məhkum edilmiş 30 yaşlı Alxas Şıxmətov kənd sakinlərini qorxu altında saxlayaraq bölgədə ciddi təşviş yaradıb. Onun alnında İŞİD-in rəmzi olan sarğı ilə silahlı şəkildə dolaşması vəziyyəti daha da gərginləşdirib. Gərgin anlarla müşayiət olunan əməliyyatda radikal təriqətçi polis əməkdaşlarının peşəkar müdaxiləsi ilə zərərsizləşdirilib. İŞİD-in rəmzləri hansı təhlükələrdən xəbər verir? Regionda radikal ideologiyaların yayılması təhlükəsi nə qədər realdır? Bu cür hallar zamanı tətbiq olunan təhlükəsizlik strategiyalarında hansı addımlar təkmilləşdirilməlidir?
Məsələ ilə bağlı Crossmedia.az saytına açıqlama verən sabiq polis rəisi Şəmsəddin Əliyev bildirib ki, gələcəyimiz və ölkəmiz üçün təhlükə yarada biləcək halların qarşısını almaq yalnız dövlət qurumlarının və polisin deyil, həm də Azərbaycan vətəndaşlarının üzərinə düşən bir vəzifədir:
“İctimai asayişi və dövlət quruluşunu təhdid edən hadisələrin qarşısını almaq üçün hər bir vətəndaşın məsuliyyətlə davranması vacibdir. İŞİD-in nə dərəcədə təhlükəli bir qurum olduğu barədə müxtəlif məlumatlar yayılıb. Onun kimlər tərəfindən yaradıldığı və maliyyələşdirildiyi ilə bağlı kifayət qədər araşdırmalar mövcuddur. Bu təşkilat yalnız İslam dövlətləri üçün deyil, beynəlxalq aləmdə sülh və təhlükəsizlik üçün də ciddi təhdid mənbəyidir. Bu səbəbdən, bu kimi mövzularla bağlı məlumatlar ictimaiyyətə diqqətlə təqdim olunmalıdır. Qusar bölgəsində baş verən hadisələr və polisin keçirdiyi əməliyyatlar göstərir ki, hüquq-mühafizə orqanları qanun çərçivəsində hərəkət edərək, təhlükəsizliyi təmin etmək üçün müvafiq tədbirlər görürlər. Polis, “Polis haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara uyğun olaraq, odlu silahdan yalnız qanunla müəyyən edilmiş hallarda istifadə edir. Bu kimi hallarda vətəndaşlar qanunlara hörmət etməli və hüquq-mühafizə orqanlarının işinə mane olmamalıdır”.
Ş. Əliyev vətəndaşların maarifləndirilməsinin xüsusi önəm daşıdığını qeyd edib:
“Media nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri belə həssas mövzulara ehtiyatla yanaşmalı, hadisələrə rəng qatmadan, məsuliyyətlə yanaşmalıdırlar. Təhlükəsizliklə bağlı bəzi məlumatların ictimaiyyətə tam açıqlanmaması zəruridir, çünki bu məlumatlar məxfiliyə uyğun saxlanılmalıdır. Kəşfiyyat orqanları və əməliyyat-axtarış qrupları tərəfindən toplanan məlumatların açılması bəzən təhlükəsizlik risklərini artıra bilər. Müvafiq qurumlar tərəfindən süzgəcdən keçirilən məlumatlar əsasında operativ qərarlar qəbul edilir. Belə hallarda vətəndaşlar əldə etdikləri məlumatları dərhal hüquq-mühafizə orqanlarına təqdim etməlidirlər. Media nümayəndələri də həssas yanaşaraq, yanlış məlumat yaymaqdan çəkinməlidirlər.
Sonda qeyd etmək istəyirəm ki, hər bir vətəndaş ölkənin təhlükəsizliyinə dəstək olmaq üçün aktiv iştirak etməli, hüquq-mühafizə orqanlarının işini dəstəkləməlidir. Yalnız bu halda təhlükəsiz və sabit bir cəmiyyət qurmaq mümkün olacaq”.
Polise.az