Fransanın Bakıdakı xanım səfirinin hədsizliyi: Parisdə yaşayan jurnalistin yazısı
Azərbaycan və Fransa arasındakı münasibətlər son illərdə, xüsusən də Qarabağ münaqişəsindən sonra gərginləşib.
Fransa hökumətinin və bəzi rəsmilərinin Ermənistanı açıq şəkildə dəstəklədiyini bəyan etməsi və Azərbaycanın maraqlarını nəzərə almayan mövqelər sərgiləməsi, Bakıda narazılıqla qarşılanır. Prezident İlham Əliyevin öz çıxışlarında Fransanı qərəzli yanaşmada və müstəqillik prinsipinə hörmətsizlikdə ittiham etməsini də bu konteksdə dəyərləndirmək lazımdır.
İki ölkə arasındakı gərginliyin son nümunələrindən biri kimi, Azərbaycan prezidenti İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində Fransayla bağlı sərt tənqidi çıxışından sonra Fransanın Azərbaycandakı səfiri Anne Boillonun sosial mediada etdiyi kinayəli paylaşımı göstərmək olar.
Azərbaycandan Fransaya olan viza müraciətlərinin çoxluğunu qeyd edən xanım Buayonun bu açıqlamasını, həm ironiya, həm də vəziyyəti yumşaltmaq cəhdi kimi də görənlər var. Məhz, belə bir fonda, onun mesajının, bir növ, “Fransanı tənqid etsəniz də, vətəndaşlarınızın ölkəmizə marağı böyükdür” anlamına gəlməsi, diplomatiyada tez-tez istifadə olunan bir üslub olsa da və iki ölkə arasındakı fikir ayrılıqlarına baxmayaraq, əlaqələrin tamamilə kəsilməyəcəyinə işarə etsə də, qərəz yükü artıq olduğu üçün cavabsız qalmamalıdır.
Bu yazı, Fransanın Azərbaycandakı səfiri Ann Buayonun twitter hesabında payladığı məlum statusa cavab xarakteri daşıyır.
Bu yazını fransız dilində də yaza bilərdim, ancaq bir halda ki, xanım səfir öz paylaşımını azərbaycan dilində edib, cavabın da doğma dilimizdə olması, fikrimcə daha arzuolunandır.
İlk öncə bir şeyi bilmək lazımdır ki, səfirlər və diplomatlar dövlət məmurlarıdırlar, onlar siyasi və manipulyativ açıqlamalardan qaçınmalı, xidmətdə olduqları ölkə ilə öz dövlətləri arasında konstruktiv əlaqələrin qurulması və inkişafı üçün səy göstərməlidirlər. İki ölkənin prezidenti yaxud rəhbərliyi arasındakı “söz atışmasına” diplomatik korpusların daxil olması administrativ profesionallıqdan uzaqdır.
Vaxtilə, formalaşmasında və fəaliyyətinin istiqamətləndirilməsində inkarolunmaz və müstəsna rol oynayan SSRİ və indi Rusiya təhlükəsizlik orqanlarıyla bağlılığı olan erməni diasporunun təsirində olan Fransa siyasi hakimiyyətinin atdığı addımlar, Fransa xalqının və cəmiyyətinin iradəsini əks etdirmir, bu avanturizmin arxasında sadəcə siyasi opportunizm dayanır.
Böyük ümidlərlə hakimiyyətə gələn Emmanuel Makron, prezidentliyi dövründə heç də Fransa xalqının ümidlərini doğrultmadı, həm daxili, həm də xarici siyasətdə etdiyi ciddi səhvlər, ölkə daxilində siyasi qütbləşməyi gücləndirdi, ölkə xaricində isə Fransanın beynəlxalq arenada nüfuzunu zəiflətdi.
Makronun və kadrlarının təcrübəsizliyi ucbatından, bu gün Fransa xalqı, radikal sağ və radikal sol arasında seçimə məhkum olub, o cümlədən çox əsrlik tarixi əlaqələri olan Afrika ölkələriylə də münasibətlərə ciddi zərbə dəyib. Bu, əslində başqa bir yazının mövzusudur və növbəti yazılarımda Makron hakimiyyətininin fəaliyyətinə işıq tutmağa çalışacam.
Azərbaycanın 2-ci Qarabağ müharibəsində, öz torpaqlarını erməni işğalından azad etməsi və öz ərazibütövlüyünü bərpasını, təəssüf ki, erməni diasporunun təsirindəki Makron hakimiyyəti öz məğlubiyyəti kimi görür. Ermənistanı yenidən silahlandırma cəhdləri, Fransanın Cənubi Qafqazdakı nüfuzunu artırmayacaq, dünənə qədər, hətta bu gün də Rusiyanın regionda apardığı kolonialist siyasəti davam etdirmək, Fransaya Cənubi Qafqazda uğur qazandırmayacaq. Fransa dövlətçiliyi, ölkədəki erməni diasporunun hədyanlarına boyun əymədən, əksinə bu diasporu öz təsir dairəsində saxlayaraq Ermənistan və Azərbaycan arasındakı sülh danışıqlarına öz ciddi töfhəsini verə bilərdi, təəssüf ki, biz bu gün erməni diasporunun siyasi əsirinə çevrilmişləri ön planda görürük.
Fransa – Azərbaycan əlaqələrinin inkişafı, eyni zamanda, Fransa -Türkiyə əlaqələrinin inkişafına da öz ciddi töfhələrini verə bilərdi, fransız diplomatiyasının bu məqamı da gözardı etməsi, heç bir halda məntiqli görünmür.
Məğlub olmuş erməni diasporunun aqressiyasının cilovlanması əvəzinə, onların mövqeyindən çıxış etməsi, Fransanın güclü dövlətçilik imicinə yaraşmır və uzun illər ATƏT-in Minsk qrupunun üzvü olan bir ölkə kimi tərəfsizliyini şübhə altına altına alır.
Bu mənada, xanım Buayon vaxtaşırı söhbətləşdiyi həmkarı, özünü erməni diasporunun əlaltısı kimi aparan, Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin təsirinə düşməməli, öz siyasi ambissiyaları uğruna iki ölkə arasındakı əlaqələri daha da zədələməməlidir.
Hər bir ölkədə sosial və demokratik təsisatlarla bağlı müəyyən problemlərin olması birmənalıdır, bu problemlərin həlli daha çox zamanla və yetişən şəraitlə əlaqəlidir. Heç bir ölkənin yaxud təmsilçilərinin digər bir ölkənin daxili siyasətinə iradlar bildirməsi yolverilməzdir və qəbuledilməzdir.
Hər bir ölkənin xarici siyasətlə bağlı maraqları və atdıqları addımlar var, lakin bu, heç bir ölkəyə, başqa bir ölkənin daxili siyasətinə müdaxilə haqqı vermir və bu müdaxilə cəhdləri heç bir halda səmimi qarşılanmır.
Bu yerdə, xanım Buayonun həyat yoldaşı, keçmiş diplomat Boris Buayonun fəaliyyətini xatırlatmaqda fayda var.
Fransanın keçmiş prezidenti Nikola Sarkozinin Şimali Afrika, Yaxın və Orta Şərq” müşaviri, daha sonra 2009-cu ildə Fransanın İraqdakı səfiri, 2011-ci ildə isə Fransanın Tunisdəki səfiri təyin edilən Boris Buayon diplomatik karyerasındakı ziddiyyətlər, onu böyük uğursuzluqlara düçar etdi.
2007-ci ildə Liviyanın keçmiş ali lideri Müəmmər Qəddafinin Parisə səs-küy gətirən səfərini (Qəddafi həmin səfərində Parisin mərkəzində öz çadırını qurmşdu) təşkil edən, 2010-cu ildə Fransanın Canal+ kanalındakı Grand Journal proqramındalı çıxışı zamanı Qəddafinin onu “oğlum” adlandırdığını etiraf edən Boris Buayon, 2013-cü ildə öz siyasi və diplomatik karyerasının dibinə endi və həbs həyatı yaşamağa məcbur oldu.
2013-cü ildə Parisdəki dəmir yolu stansiyalarından birində gömrük qaydalarına uyğun olaraq bəyan edilməmiş və qanunsuz fəaliyyətlərdən əldə etdiyi iddia edilən 350 min avro və 40 min dollar nağd pul daşıdığı üçün saxlanılmış və haqqında cinayət işi başlanmışdı.
7 iyul 2017-ci ildə o, Paris Cinayət Məhkəməsi tərəfindən “ vergi fırıldaqçılığı ” və “ kapital transferi hesabatı öhdəliyinə əməl etməmək” ittihamı ilə məhkum edilmiş, bir il şərti həbs cəzası və beş il müddətinə dövlət vəzifələrində işləmək və biznes idarə etmək yasağı gətirilmişdir. Məhkəmə həmçinin gömrük orqanları tərəfindən əl qoyulmuş 400.000 avroya yaxın vəsaitin müsadirə edilməsi, 95.036 avro gömrük cəriməsi və mülki tərəf kimi Fransa dövlətinə 30.000 avro ödənilməsi barədə qərar çıxarmışdır.
Bu qalmaqallar, Boris Boillonun karyerasına və onun diplomatik imicinə ciddi zərbə vurmuş, Fransa Prezidentinin 2 iyul 2021-ci il tarixli fərmanı ilə onun Fəxri Legion ordeni geri alınmış və Legionun Böyük Kanslerliyinə məxsus hər hansı fransız və ya xarici orden nişanlarını taxmaq hüququndan həmişəlik məhrum edilmişdir.
Bir zamanlar səfir olduğu ölkələrdə başqalarına “ağıl dərsi” keçməyə çalışan və biabırçı şəkildə sonlanmış diplomatik karyerasından sonra ictimaiyyət qarşısına çıxmayan Boris Buayonun düşdüyü vəziyyət, elə onun həyat yoldaşı xanım Buayon üçün də ibrətamiz nümunə ola bilər.
Bu baxımdan, xanım Buayon Azərbaycanda səfir olmaqdan məmnun deyilsə, könüllü istefa ərizəsi yazmaqla, bu diplomatik məsuliyyətdən azad ola bilər, yaxud özünü əsl fransız diplomatı kimi apararaq hər iki ölkə arasında əlaqələrin yenidən bərpasına və inkişafına fokuslanmalıdır.
Bu gün, Azərbaycanla Fransa arasındakı əsas gərginlik, Fransanın Ermənistana göstərdiyi çoxşaxəli hərbi dəstək cəhdlərindən qaynaqlanır, xüsusən Yunanıstandakı Mirage hərbi qırıcılarının Ermənistana ötürülməsi istəyinə, Azərbaycanın sərt reaksiya verməsi təbiidir.
Təəssüf ki, Fransanın Ermənistanı silahlandırması, regionda yeni silahlı münaqişələrin formalaşmasına şərait yaradır və etdiyi sülh çağırışlarıyla ziddiyyət təşkil edir.
Bir ölkənin xarici siyasəti, hansısa diasporun maraqlarının kölgəsində olmalı deyil, Fransanın Cənubi Qafqaz, Livan və Yaxın Şərqdəki siyasətindəki uğursuzluğunun təməli, erməni diasporunun ideolojik təsirindən qaynaqlanır.
Azərbaycan-Fransa əlaqələrindəki gərginlik, Fransada uzun illər yaşayan, doğulan və böyüyən, bu ölkəni ikinci vətən bilən, bu ölkənin inkişafına müxtəlif töfhələr verən Azərbaycan diasporu üçün də üzücüdür, buna görə də, erməni diasporunun təsiri altında bu əlaqələrə balta vuranları ifşa etmək vacibdir.
Xanım səfir bilməlidir ki, viza müraciətlərinin çoxluğu, iki ölkə arasındakı əlaqələrin inkişafı üçün ciddi töfhədir və bu rişxənd ediləcək məsələ deyil. Bu gün, Fransadakı Mərakeş səfirinin, Mərakeşdə yaşayan fransız icmasını göstərərək Fransanı məzəmmət etməsi nə qədər ağlabatandırsa, xanım səfirin kinayəli fikri də o qəbildəndir.
Azərbaycan-Fransa əlaqələri, geosiyasi konyokturadan asılı olaraq, öz həssas dövrünü yaşayır, bu gərginliklərin qalıcı və qırıcı olmasına deyil, əksinə qarşılıqlı empatiya və konstruktiv siyasətlə aradan qaldırılmasına çalışmalı və bu yöndə bacardığımız töfhələri verməliyik. \Xüsusi olaraq Musavat.com üçün Elnur Məcidli \
Polise.az