Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Qarsda birgə qış təlimində iştirak edəcəklər
Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində “Qış təlimi – 2025” adlı birgə təlim keçiriləcək. Təlimə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə Dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu komandanlığından bayrağı qəbul edən bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə – Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.
“Ümid” körpüsündə Azərbaycan və Türkiyənin Dövlət himnləri ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.
Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibətilə keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.
Təlimin planına əsasən, yaşayış məntəqələrində, çətin relyefli ərazilərdə, dərin qar və şiddətli soyuqlarda müxtəlif təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi nəzərdə tutulub.