4 illik müddət bitdi: Bakı bu “şıltaqlıq”a dözməyəcək
Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Polise.az onunla müsahibəni təqdim edir:
– Ötən il Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında bəlli nəticələr əldə edildi. Amma bunun fonunda il erməni tərəfinin şərti sərhəddə təxribatları ilə başladı. Bu il üçün əsas gözləntilər nədən ibarətdir?
– Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibəsində ölkəmizin builki siyasəti və proseslərə baxışı ilə bağlı məsələlərə aydınlıq gətirildi. Sözsüz ki, ölkəmizin gözləntiləri və tələbləri bir daha bəyan edildi. Bu gözləntilər cənub qonşumuz İranla bağlıdır. Bununla bağlı olan proseslərə də Azərbaycan Prezidenti aydınlıq gətirdi. Cəmiyyət üçün məlum olmayan məqamlar aydınlaşdırıldı. Bu kontekstdə İran tərəfindən səslənən bəyanatlarla bağlı Azərbaycanın mövqeyi ifadə olundu. Əgər İran özünün də rəsmi şəkildə bəyan etdiyi kimi, Azərbaycanla mehriban qonşuluq istəyirsə, o zaman ölkəmizə qarşı olan təxribatlardan əl çəkilməlidir. Xüsusilə də, hansısa əyalət mollalarının dili ilə Azərbaycan dövləti xalqı, rəhbərliyi hədəfə alınmamalıdır. Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır.
– Sülhlə bağlı danışıqlar qeyri-müəyyən müddətə qədər uzadılır və əlavə şərhlər ortaya atılıb. Ermənistanın sülhü uzatmaqda, prosesi pozmaqda məqsədi nədir?
– Ölkə başçısının Ermənistanla bağlı vermiş olduğu mesajlar tam aydındır. Bu mesajlar artıq qarşı tərəfə çatıb və hədəfə dəyib. Belə ki, sülh müqaviləsi ilə bağlı Azərbaycan Prezidenti də qeyd etdi ki, Ermənistan tərəfi vaxt uzatmağa çalışır. Bütün məsələlər həllini tapmır. Ermənistan yeni himayədarlarının vasitəsi ilə prosesləri ləngitməklə hərbi balansı dəyişməyə çalışır. Bunun da mümkünsüzlüyü, yolverilməz olduğu qeyd edildi.
– Rəsmi İrəvanın bu davranışlarına Bakının sona qədər səbir ilə yanaşacağı nə dərəcədə məntiqlidir?
– Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibəsində bu məsələ ilə bağlı sərt şəkildə öz münasibətini bildirdi. Ermənistanı silahlandıran, onunla müqavilələr bağlayan dövlətlərə də təklif edildi ki, onlar bu razılaşmaları ləğv edib, göndərdikləri silahları geri qaytarsınlar. Əks halda, bunun nəticəsi Ermənistan üçün ağır olacaq. İrəvanın sürətlə silahlanması Bakı üçün təhdid yaratmasına sona kimi dözümlə yanaşılmayacaq və buna imkan verilməyəcək. Ermənistan faşist dövlətdir. Bu ölkəyə rəhbərlik etmiş ilk üç prezident faşist ideologiyasına sahib olub. Xalqımız bunu görüb. Hətta konstruktiv şəxs kimi təbliğ edilən Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın da faşist düşüncələri onun bu yaxınlarda yayılan videosuna öz təsdiqini tapdı.
– Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının son mesajları fonunda onun ətrafında müzakirələr artıb. Prosesin irəliləməsi üçün hansı əməli addımlar atıla bilər?
– Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan rəhbərliyi Ermənistana növbəti mesaj ünvanladı. Kommunikasiyaların açılmasını yubadan məqamlar vurğulandı. Prosesin 4 ildən artıq bir müddətə yubadılması Azərbaycan tərəfindən qəbul edilməyəcək. Rəsmi Bakı heç də bu “şıltaqlıq”a” dözməyəcək. Nəhayət, bu məsələ ilə bağlı konkret qərar verilməli, əməli addımlar atılmalıdır.
Polise.az