Prezident: “Təqribən 200-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edilib və bu, davam edir”

“Bildiyiniz kimi, əməliyyat uğurla davam etdirilir. Bu günə qədər bir çox kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilibdir, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri. Ümumiyyətlə, təqribən 200-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edilib və bu, davam edir. Mən hər həftə azad edilmiş yeni şəhərlər və kəndlər haqqında məlumat verirəm və ümid edirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Mən bu müddət ərzində dəfələrlə bildirmişdim ki, biz istəyirik bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın. Ancaq Ermənistan buna imkan vermir, 3 dəfə elan edilmiş atəşkəsi kobudcasına pozmuşdur, o cümlədən Gəncəni ballistik raketlərlə bombalamışdır, ondan sonra Bərdə şəhərini bombalamışdır və çoxsaylı itkilərimiz olubdur.

Bu, bir daha Ermənistanın qeyri-insani davranışını göstərir və onu göstərir ki, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu işğal əbədi olsun. Onlar bizim ordumuz tərəfindən azad olunmuş yaşayış məntəqələrini yenidən işğal etmək istəyirlər. Müharibənin davam etməsinin əsas səbəbi də məhz budur. Əgər Ermənistan artıq öz çirkin əməllərindən əl çəkərsə, o zaman atəşkəs təmin ediləcək və məsələnin həlli danışıqlar masasında olacaqdır.

Ancaq ümid edirəm ki, bu proses uzun sürməyəcək. Çünki biz 30 il gözləmişik. Biz istəyirik ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş digər torpaqlardan çıxarılması danışıqlar masası arxasında qısa müddət ərzində təmin olunsun. Əks təqdirdə, biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa etməyə davam edəcəyik və dediyim kimi, sona qədər gedəcəyik”.

Mənbə
baku.ws
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button