Atalar və oğullar: Daşaltı döyüşçüsünün oğlu Qubadlıda qazi oldu
Düşmənə qan ağladan qazi yenidən cəbhəyə qayıtmaq istəyir.
Baku TV xəbər verir ki, Abşeron rayonundan könüllü olaraq cəbhəyə yola düşmüş, Mehdiabad qəsəbə sakini Pərvin Allahquliyev Qubadlı rayonunun işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə əlindən və ayağından qəlpə yarası alaraq qazi olub.
Topçu olan qazimiz deyir ki, şəxsən özü düşmənə ağır zərbə vuraraq, onların üçü tank olmaqla, xeyli sayda texnikasını sıradan çıxarıb və canlı qüvvəsini məhv edib.
Atalarımızın sözünə qüvvət, igidlik insana irsən ötürülür. Pərvinin atası Yadulla Allahquliyev də 1991-ci ildə Daşaltı əməliyyatında könüllü olaraq döyüşənlərdəndir. Elə vətən sevgisi, torpaq məhəbbəti də qazimizin ruhuna qanla ötürülüb.
P.Allahquliyev bildirir ki, ayağa qalxan kimi ilk işi cəbhəyə yola düşmək olacaq.
Qazimizin anası Tahirə xanım isə, oğlu ilə bərabər vətən uğrunda gözünü qırpmayan bütün hərbiçilərmizlə fəxr etdiyini deyir. Ailə Qubadlıda yaralanan oğlunun tezliklə sağalacağına və yenidən cəbhəyə qayıdacağına inanır.