Rafiq Əliyev: “Mən Allahsız alim tanımıram”

Dünya şöhrətli alim, akademik Rafiq Əliyevin “Kulis.az”a müsahibəsini təqdim edirik.

– Rafiq müəllim, elmin əlindən ədəbiyyata vaxt qalır? Mütaliə edə bilirsiz?

– Gənclərə xitabən bir fikrimi təkrarlamaq istəyirəm: Əgər Allaha yaxın olmaq istəyirsənsə, Mövlanəni oxu, insana yaxın olmaq istəyirsənsə, Dostoyevskini oxu. Mən eyni zamanda, Amerikada da dərs deyirəm, Corciya Dövlət Universitetində. Bir neçə il bundan qabaq – Mövlanənin yubileyi vaxtı universitetə girəndə gördüm, hər yer Mövlanənin “Məsnəvi”sinin ingiliscə tərcümələri ilə bəzədilib. Təəccübləndim. Ofisim universitet binasının 8-ci mərtəbəsində idi. İkinci mərtəbəyə qalxdıqda gördüm, bu mərtəbədə Mövlanənin başqa məsnəviləri var. Üçüncü mərtəbədə də eyni mənzərəni gördüm. Hövsələm çatmadı, 8-ci mərtəbəyə liftlə qalxdım. Gördüm, 8-ci mərtəbədə də eyni vəziyyət. Bir amerikan həmkarımdan soruşdum ki, siz xeyir ola, Mövlanəni bu qədər çox sevirsiniz? Dedi, siz bilmirsinizmi ki, dünyada ictimai fikrə təsir edən 5 şəxsiyyətdən biri Mövlanədir. Nəinki Amerika, bütün dünya Mövlanəni qəbul edir. O baxımdan deyirəm, Tanrıya yaxın olmaq istəyirsənsə, Mövlanəni oxumalısan. Başqalarını da çox oxuyuruq. Dostoyevskini də çox sevirəm. Şəxsiyyətini yox, əsərlərini…

– Dostoyevski demişkən, böyük alim Eynşteyn nisbilik nəzəriyyəsini Dostoyevskidən təsirlənərək kəşf etdiyini deyirdi. Elə bir şair, yazıçı, mətn olubmu ki, sizə elmi işlərdə ipucu verə?

– Uşaqlığım Şuşada keçib. Əsasən yaylaqda. Şuşadan bir az aralı Turşsu adlanan yer var. Yayda orda çadır qurardıq. Çadırımız həmişə bir palıd ağacının altında olardı. Elmi dərəcə alandan sonra da gedirdim ora. Həmişə o palıda fikir verirdim, görürdüm, külək nə qədər şiddətli olsa da, bizim palıdı əyə bilmirdi. Ancaq otları, alaqları o tərəfə, bu tərəfə əyirdi. Sonra mən invariantlıq nəzəriyyəsi üzərində işlədim. İşlərimin köklərindən biri də budur. Akademik dildə invariantlıq deyirik, adi desək, “asılı olmamaq” da demək olar. Məsələn, o palıd küləyə invariant idi. Mənim bir neçə kitabım elə bu invariantlıq nəzəriyyəsi üzərindədir. Fikirləşdim, təyyarəni, kosmik aparatı idarə eləyən sistemi necə qurmaq lazımdı ki, bəzi proqnozları qarşılaya biləsən. Təyyarədə hər 100 metrdən bir hava ölçülür, qarşıdakı vəziyyətlə bağlı proqnozlar verilir və havaya uyğun təsir tətbiq edilir ki, təyyarə yellənməsin, qəzaların qarşısı alınsın.

Siz ipucu deyəndə həmin palıd ağacını xatırladım. Düşündüm ki, palıd elə köklənibsə, demək, süni sistemləri də elə kökləmək olar.

Sonra mən Ramiz Rövşən haqqında bir yazı yazdım, təxminən iki il bundan qabaq. Yazmışdım ki, sən bizim Turşsudakı palıda oxşayırsan, invariantsan, yəni, zamanın heç bir küləyinə əyilməmisən. Amma bunu süni surətdə bizim dostluğumuz yarada bilmədi. Bu Tanrının sənə bəxş etdiyi şəxsiyyətdir ki, özünü elə idarə eləyə bilirsən, yəni bütün təsirlərə invariant qalırsan.

Hüseyn Cavidin sözü var:

Yurdu sarmış qabalıq, yaltaqlıq.
Yüksəliş varsa, səbəb alçaqlıq.

Yəni, invariant adamlarda qətiyyən əyilmək, sınmaq olmur. Biz də o Allahın yaratdığı ideyanı süni sistemlərə köçürməyə çalışdıq.

– Allahın yaratdığı ideyaları süni sistemlərə keçirmək… Qeyri-adi problemləri, göstəriciləri varmı bu prosesin?

– Çox qəribə sual verdiniz… Elmi ömrümün 20-25 ilini optimallaşdırma məsələsinə həsr eləmişəm. Optimallaşma – yəni seçimlərinin və alternativlərinin olduğu zaman onların içindən ən yaxşısını seçə bilmək. Məsələn, internetdə maraqlı bir tipik məsələ qoyublar: həyat yoldaşı seçmək! Orda çoxlu kriteriyalar var. Doğrusu, mənim üçün də maraqlı gəldi. Mən qərarqəbuletmə dərsi deyirəm, bunu bəzən tələbələrimə də oxuyuram, bu misalı gətirirəm. Bu meyarların içində biri dindir. Kobud dildə desəm, əgər 10 qıza gözün düşübsə, birinci növbədə seçim zamanı dini inanca diqqət yetirilir. İkinci, intellektinə, üçüncü gözəllik, dördüncü mətbəx səriştəsi, beşincisi insanlarla yola getmək bacarığı və s.

Biz necə edirdik? Bir riyazi model yazırdıq. Məsələn, bir şeyin maksimal, minimal dəyərini tapmaq üçün törəmə alırdıq, onun ikinci törəməsinə baxırdıq və s. 20-25 ildən sonra başa düşdük ki, ən düzgün üsulu Tanrı yaradır: təbii seçim. Bu gün demək olar ki, dünya o törəmə almaqdan uzaqlaşıb, hamısı keçib genetik üsullara. Yəni bunun valideynlərinin genində nə olub, bu önəmli oldu. Məsələn, geni bir az dəyişdirərsən, mutasiya olar. Yaxud seçimlərinin içində mutasiya olsa, onu qəbul eləyə bilməyəcəksən. Yəni, texniki sistemlərlə təbiətin fərqi budur ki, təbiət daha kamildir, nəinki cəmiyyət və texniki dünya.

– Bəzi paradokslar və şərhlər Kvant nəzəriyyəsinin nəticələrinin ilahi müstəviyə təslim olduğunu deyir. Məsələn, türklər buna “super pozisyon” deyir, səhv eləmirəmsə, “vahid göz” termini də var həmin paradoksda. Bugünkü texniki elmlərin gəldiyi qənaətlər, nailiyyətlər kainatın dərkində nə dərəcədə funksionaldır? Elmin gəlib çıxdığı üfüqlər qənaətbəxşdirmi?

– Kvant nəzəriyyəsinə qayıdacam… Amerikanların “Discovery” kanalı var, orada “Qurani-Kərim”dən elmi fikirlər gətirilir. Məsələn, fizikada məşhur problem olan “qara dəlik”. Qurandakı təfsiri verirlər, sonra bugünkü elmi şərhləri təqdim edirlər, çox üst-üstə düşür. DNT barədə Qurani-Kərimdə aydın yazılıb.

Mənə elə gəlir, bizim bilmədiklərimiz bildiklərimizdən milyon dəfə çoxdur. O qədər anomal hadisələr var ki… Mən “Qurani-Kərim”i ən böyük mənəviyyat sistemi sayıram, ancaq özüm din adamı deyiləm, gərək bunları deyəm. Yəni atributları – namazdı, digər atributlardı, bunları eləmirəm. Demirəm, eləməyin. O, inancdan asılıdır. İnsanın xarakterindən asılıdır. O da çox vacib bir şeydir.

İndi qayıdaq Kvant fizikasına… Üç yol keçmiş riyaziyyat əslində danışıq dilidir. Danışanda sözlərdən istifadə edirik, riyaziyyatda rəqəm və simvollardan. On il qabaq bir məqalə yazmışdım. Orda belə qeyd etmişdim ki, əgər dil çox inkişaf etsəydi, onun üstündə əməliyyatlar, hesablamalar aparıla bilərdi. Belə olduğu halda klassik riyaziyyata ehtiyac qalmazdı. Dilin gücü çatmadı. XXI əsr dil əsri adlanır. Məsələn, rəhmətlik Lüfi Zadənin axırıncı nəzəriyyələrindən biri sözlə hesablamadır. Əgər o vaxtı sözlə hesablama üçün dilin potensialı olsaydı, bu riyazi simvollara, tənliklərə ehtiyac qalmayacaqdı. İndi isə elmin istiqaməti sözlə yazmağa, sözlə hesablamağa doğru gedir.

– Oxucularımız üçün sözlə hesablamaya dair bir nümunə deyə bilərikmi?

– Məsələn, bir müddəa deyim; Yaranmış bütün insanlar öləcək. Düzgün müddəadır, elədirmi?

– Bəli.

– İkinci bir fakt: Sokrat insandır. Siz artıq bu iki müddəadan irəli çıxıb deyə bilərsiniz ki, Sokrat da öləcək. Siz bu zaman bir tənlik hesablamış olursunuz. Burada nə “x” oldu, nə “y”, nə də “z”. Sözlə hesabladıq. Riyaziyyat da dəyişərək sözə uyğunlaşır.

Dediyim kimi, riyaziyyat 3 dövr keçib. Birinci klassik dövr, ikinci ehtimal nəzəriyyəsi dövründə başlandı və Kvant fizikası yarandı. Ola bilsin ki, bu oxucular üçün o qədər maraqlı olmayacaq, amma Kvant fizikasında bir prinsip var: qeyri-müəyyənlik prinsipi. Deyir, bir nöqtədə hissəciyin yerini və sürətini təyin etmək olmur. Bu gün isə o məşhur prinsipi tənqid edirlər. Niyə? Çünki dünyada nöqtə adlı şey yoxdur. Hətta ən kiçik hissəciklərin içində belə nöqtə yoxdur. Bax bu yerdən Lütfi Zadənin qeyri-səlis, qeyri-müəyyənlik prinsipi başlayır.

Elmdə də belədir. Deyəsən, bir dəfə APA TV-də İlqar Rəsulla söhbət eləmişdik. O, bədahətən, əlaqəsi olmayan suallar verir. Kitabxanadan danışdığımız an mənə birdən sual verdi ki, Allah nədir? Fikrimi Kvant fizikasındakı nöqtəyə gətirirəm; elmdə nöqtənin tərifi yoxdur. Dedim, Allahın da tərifi yoxdur, sən məndən tərif istəmə. O yerdə ki sonsuzluq var, demək sonsuz bilmədiyimiz şeylər var. Bildiyimiz damla boydadır. Təkcə mənim 30-40 illik fəaliyyətimdən söhbət getmir, bütün dünya elmi bilmədiklərimizlə müqayisə olunmaz, çox kiçik zərrədir. Baxın, o yerdə ki sonsuzluq var, orda Allah var. Mən texniki elmlərin nümayəndəsi olsam da, insanın özünə alim deməsini qəti sevmirəm. Xudu Məmmədovu tanımırdınız?

– Tanıyıram əlbəttə, sonsuz rəğbətim var. Allah rəhmət eləsin.

– Allah rəhmət eləsin. Biz Xudu Məmmədovla xalaoğluyuq. Onun bir sözü vardı, adam özünə alim deyərmi? Alim Nyutondur, Eynşteyndir. Bir də görürsən, biri hardansa çıxıb deyir, biz alimlər belə etdik, elə dedik… O zaman mən İlqarın sualına cavab verdim ki, nəuzibillah, Allah olmasaydı da, onu uydurmaq lazım idi.

– Bəs ateistlər?

– Ateistlər də var, mən onların əqidəsinə hörmət eləyirəm, amma ateist deyiləm. Din olmasaydı, dünya xaosun içində olardı. Din nizam üçündür. Dini siyasətə, elmə qatmaq lazım deyil. Bilirəm, bu sözlərdən sonra ateistlər məni tənqid eləyəcəklər. Amma dözümlüyəm, invariantam. Qoy tənqid eləsinlər. Bir dəfə Amerikadan bir azərbaycanlı məni tənqid etdi. Onun yazdığını deyirəm: “Rafiq müəllim bu boyda elm adamıdır, Allaha inanır”.

Sən inanmırsan, mən bir şey demirəm, mənim inanmamağımın da sənə aidiyyəti yoxdur. Mən bu söhbətlərin fövqündəyəm. Amma bu fiziklər ki, yığışıblar, bu sahədə baş sındırırlar: “big bang”, (böyük partlayış), “dünya nədən əmələ gəldi”, “hansı partlayışdan yarandı”, “necə oldu”… Mən bunların qəti əleyhinəyəm. O tədqiqatlar pis tədqiqatlar deyil, bəzi fiziki problemləri öyrənirlər. Amma dünya nədən əmələ gəldi məsələsinə mən absurd kimi baxıram. Ola bilsin, mən yanılmışam, onlar düz düşünür.

7-8 il bundan qabaq Oqtay Qorçu məndən bir yazı istəmişdi, qeyri-səlis məntiq və din barədə. Dedim, Oqtay, mən teoloq deyiləm, din bir az başqa, ağır, həm də incə sahədir. Orda qəti qələt eləmək olmaz. Çox xahiş etdilər, yazdım. O yazıya görə Tövratı oxudum, İncili oxudum, Qurani-Kərimi bir də oxudum, axırı yazdım. Sonra gördüm Amerikada bir kitab çıxıb, ”Qeyri-səlis məntiq və Quran”.

Yəni, Quranın təfsirində qeyri-səlis məntiqlə uyuşan çox şey var. O yazını yazanda qarşıma bir şey çıxdı. İngiltərədə iki dost professor söhbət edir, biri astronomdur, digəri təbabət sahəsində çalışır. Biri deyir, biz dünyanın yaranmasını tapacağıq, “big bang”, böyük partlayış… O biri deyir, yaxşı, tutaq ki, dünyanın nədən yarandığını tapdınız, bəs zaman harada yaranıb? Bax, Allah ordadı, zaman məsələsində.

ABŞ-ın 3-cü prezidenti andiçmə mərasimində qəribə bir söz işlədib: “Böyük dünyaları idarə edən, sonsuz səlahiyyət sahibi köməyiniz olsun!” Təxminən, Allaha verilən tərifdir. Qurani-Kərimdə də aləm yox, “aləmlər” yazılıb. Dünyaları idarə edən sonsuz səlahiyyət sahibi kimdir? Bu nə Trampdır, nə Putindir…

– Rafiq müəllim, düşüncələrinizdəki, ideallarınızdakı ilahi məqamlar, dinə, Allaha münasibətiniz, ateizmə daha çox meylli görünən Avropa, Amerika alimləri, tənqidçiləri tərəfindən necə qarşılanır?

– Aha. Bunu mütləq yazın. Lütfi Zadə çox böyük alim idi. Ümumiyyətlə, mən yazılarımda bu 3 şəxsiyyətin adını bir yerdə çəkirəm: Nyuton, Eynşteyn, Lütfi Zadə. Nyuton, təbii ki, fizikada böyük kəşflər etdi. Eynşteyn sərhəd qoydu, dedi, bu sürətə qədər Nyutondur, bu sürətdən sonra Eyşteyndir – yüksək sürətlər fizikası. Zadə isə bütün elmləri dəyişdi – fizikanı, riyaziyyatı, texnikanı, fiziologiyanı… Baxın, bu dəqiqə mənim kitabxanamda qeyri-səlis fizika var, qeyri-səlis kimya var və s. Biz Zadə ilə 40 il bir yerdə işlədik. Bu 40 il ərzində onun leksikonunda statistik analiz aparsaq, görərik ki, ən çox “inşallah” sözünü işlədib. Buna şübhəniz olmasın.

Eynşteyn xəstəxanada ölümündən bir neçə gün əvvəl Nobel mükafatı aldığı məqaləni istəyib. Baxıb, sonra məqaləni yerə atıb. Orada bir ifadə işlədibmiş: “Tanrı kainatla zər oyunu oynamır”. Niyə zər? Kvant nəzəriyyəsi, onun Nobel aldığı dalğa nəzəriyyəsi, bütün bunlar ehtimal nəzəriyyəsinə söykənir. Ehtimal nəzəriyyəsi də qumardan gəlir, zər oyunundan. “Tanrı kainatla zər oyunu oynamır”. Yəni, mənim nəzəriyyəm zərə söykənir. Onun fikrində qeyri-səlis məntiq nəzəriyyəsinin istifadə olunması var idi. Fikrimi ona gətirirəm ki, Nyuton həmişə Tanrıya inanan adam olub, Eynşteyn də eynən. Zadə də onlar kimi… Üzr istəyirəm, hərdən öz yazılarıma istinad eləyirəm. Mənim, “Allahsız alim tanımıram” adlı yazım var. Yazının adı belədir. Mən həqiqətən də Allahsız alim tanımıram. Sualınıza cavab olaraq onu deyim, Qərbdə o qədər alimlər kilsəyə gedir ki! Əsl alimlər Tanrıya inanır. Ramiz Rövşən demişkən, Qərbdə də belə düşünürlər:

Nə var Allahdan yuxarı?
Nə var, qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı,
Bildiyim sirdən aşağı?

Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı.

– Az əvvəl Xudu Məmmədovu xatırladınız. Onun belə bir fikri var: “Məhdudiyyət kəşfin anasıdır”. Bu fikrin özünə yer elədiyi bir çox mənzərələrlə qarşılaşıram. Məsələn, İran və İran kinosu. Diqqət eləsək, İran kinosunun bütün problematikasında İran durur: qadağalarıyla, senzurasıyla… Hansı ki, rejissorlar bu qadağaların sərhədlərində təhlükəli rəqs etdikdə, yüngülcə o sərhədlərə toxunduqda tellər rezonans yaradır. Sənətin, ümumilikdə mənəvi məhsulların yaxşı yetişməsinə məhdudiyyətlərin, sərhədlərin kömək olduğunu qəbul edirsinizmi?

– Tamamilə düz deyirsiniz. Ədəbiyyat üzərindən baxaq, 60-cı illər Azərbaycan ədəbiyyatında intibah dövrüdür. Məsələn, Sovet dönəmində “Allah”, “Ölüm” mövzuları qəti qadağan idi. Mən metafizik şairimiz kimi Cavidi tanıyıram. Caviddən sonra 60-cı illərdə Azərbaycan ədəbiyyatına yenidən “Allah” və “Ölüm”ü Ramiz Rövşən, Vaif Səmədoğlu, Vaqif Bayatlı gətirdi.

O yerdə ki, qadağa olur, insan içini açmaq istəyir. Ona görə Xudu Məmmədovun fikri ilə razıyam.

Mən Allahdan başqa heç kəsdən dəstək gözləməmişəm. Bircə demişəm ki, mənə mane olmasınlar. Sərdar, bilmirəm, fotoqrafın necə çəkdi, mənim üzüm gömgöydür. O qədər vurublar, ordan-burdan. Fələyin vurduqları da var, insanların vurduqları da var… Amma o zərbələr mənim üçün hər zaman stimul olub.

Mənbə
kulis.az
Hamısını Göstər

Related Articles

Back to top button