“Hörümçək toru” əməliyyatı ABŞ üçün xəbərdarlıqdır – “The Wall Street Journal”

“Amerika bombardımançıları belə hücuma qarşı həssasdır, növbəti müharibədə ABŞ vətəndaşları da ön cəbhədə ola bilər…”
İyunun 1-də Ukraynanın Rusiyanın hava limanlarına qarşı həyata keçirdiyi “Hörümçək toru” adlı pilotsuz uçuş aparatları əməliyyatı ABŞ üçün mühüm siqnaldır.
Moderator.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşrində dərc olunmuş məqalədə deyilir.
Qeyd edilir ki, həmin əməliyyat nəticəsində 40-a yaxın Rusiya təyyarəsinin sıradan çıxarılması ABŞ-da ciddi narahatlıq yaradıb. Jurnalistlər qeyd edir ki, bu əməliyyat Amerika üçün iki əsas dərs verir:
1. ABŞ ərazisi düşünüldüyündən daha həssasdır.
2. Gələcək münaqişədə ABŞ vətəndaşları da birbaşa cəbhənin tərkib hissəsinə çevrilə bilər.
Ukraynanın ucuz dronlarla bahalı hədəfləri vurması: ABŞ üçün rəmzi xəbərdarlıq
Nəşr yazır ki, Ukrayna tərəfindən istifadə edilən “ucuz” PUA-ların Rusiya ərazisinə necə keçirildiyi barədə çox məlumat yoxdur. Buna baxmayaraq, bu dronların bahalı rus bombardmançılarını məhv etməsi ABŞ hərbi rəhbərliyində narahatlıq yaradıb.
ABŞ-ın hərbi analitiki Fred Kaqan bu sualı gündəmə gətirir: “Bunlar B-2 bombardmançıları ola bilərdimi, məsələn, İran dronları ilə və ya Çindən göndərilənlərlə?”
Amerikanın bombardmançı donanması zəif yerdədir
Nəşr qeyd edir ki, ABŞ-ın strateji bombardmançı donanması “soyuq müharibə” dövrü ilə müqayisədə üç dəfə azdır və əsasən cəmi bir neçə bazada cəmlənib. Belə zəifləmiş struktur genişmiqyaslı və koordinasiyalı dron hücumlarına qarşı ciddi təhlükə altındadır.
“Qızıl Günbəz” – artıq vacib hesab edilən müdafiə layihəsi
Məqalədə Donald Tramp tərəfindən təklif edilən raket əleyhinə “Qızıl Günbəz” layihəsinin əhəmiyyəti də vurğulanır. Nəşr bildirir ki, bu sistem əvvəllər lağa qoyulsa da, PUA-lar, casus zepelinlər və sualtı raketlərlə gələcək təhdidlər qarşısında belə bir müdafiə qalxanı vacibdir.
Amerikalıların arxayınlığı təhlükəlidir
Nəşr müəllifləri bildirir ki, ABŞ vətəndaşları adətən müharibələrin uzaq torpaqlarda gedəcəyini düşünür və bu səbəbdən ciddi hazırlıq görmürlər. Lakin “Hörümçək Toru” əməliyyatı göstərdi ki, müasir dövrdə münaqişə coğrafi sərhədlərlə məhdudlaşmır və ABŞ öz təhlükəsizliyini yenidən qiymətləndirməlidir.
Ukraynanın əməliyyatı ABŞ üçün xəbərdarlıq siqnalı olub
Jurnal nəticə olaraq yazır ki, Ukrayna ABŞ-ın strateji rəqiblərinə qarşı bir xidmət göstərib – bombardmançılarını sıradan çıxarıb və eyni zamanda ABŞ-ı öz arxayınlıq yuxusundan oyadıb.
Polise.az