Pezeşkianın görüntüsü İranı “birləşdirdi” – Təbrizdə gözlənilməz mesaj

İranın Prezidenti Məsud Pezeşkianın Aşura mərasimlərində sinə vuraraq açıq şəkildə əzadarlıq etməsi ölkə daxilində və regionda geniş müzakirələrə səbəb olub. Təbrizdə lentə alınan görüntülərdə prezidentin dini mərasimlərdə aktiv iştirakı həm daxili auditoriyaya, həm də regiondakı şiə toplumlarına ünvanlanmış simvolik mesaj kimi qiymətləndirilir.
İranda indiyədək ölkə prezidentinin bu qədər açıq və emosional şəkildə Aşura mərasimlərinə qatılması nadir hallarda müşahidə olunub. Məsud Pezeşkianın bu davranışı onun şəxsiyyətinə xas səmimiliklə yanaşı, İranın teokratik strukturları və dərin dövlətlə münasibətlərində yeni balans yaratmaq cəhdi kimi də dəyərləndirilir.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazdə deyib ki, İran prezidentinin Aşura mərasiminə qatılması, xüsusilə əhali ilə əzadarlıq məclisində olması birlik mesajıdır:
“Məhz İsrailin hücumundan sonra İran tərəfi çalışır ki, ideoloji olaraq xalq arasında birliyi daha da möhkəmləndirsin. Ona görə də prezident bu mərasimlərə qoşulur. Bundan əlavə, Pezeşkian özü dinə bağlıdır, təvazökardır və prezident olmamışdan əvvəl də əzadarlıq mərasimlərinə daima qatılıb. Bir növ o, öz əqidəsini yaşadır.

Məhəmməd Əsədullazadə
Azərbaycanlılar da İmam Hüseyn əzadarlığını yaşadır. Məsud Pezeşkian da bir azərbaycanlı olaraq dini dəyərlərə həmişə hörmət edir. Sadəcə, İranda təhlükəsizlik məsələləri zəif olduğu üçün prezidentin mərasimə qatılması daha çox diqqət çəkib. Bu, onun xalqla birgə olduğunun göstəricisidir”.
Politoloq bildirib ki, İran kimi teokratik sistemdə prezidentin belə açıq dini mərasimlərdə iştirakı həm siyasi, həm də ideoloji cəhətdən əhəmiyyətlidir:
“Bu, həm daxili auditoriyaya, həm də regional səviyyədə İranın şiə kimliyini vurğulamaq məqsədi daşıyır. Eyni zamanda, bu addım İran prezidentinin dini dəyərlərə sadiqliyini nümayiş etdirərək, hakimiyyət strukturlarındakı təsir dairəsini gücləndirməyə yönəlib”.
Turan Rzayev
Globalinfo.az



