Gürcü siyasi ekspert: “Türk sülhməramlılarının da daxil edilməsi vacib aspektdir”
Gürcüstanın milli təhlükəsizlik məsələləri üzrə mütəxəssisi, siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya media.az-a müsahibəsində sülhməramlılara verilən beş illik mandat müddətində Azərbaycanla Ermənistan arasında siyasi sülh sazişinin bağlanma ehtimalının nə qədər mümkün olması barədə məsələyə toxunub.
Ekspert söyləyib ki, bu, vacib və çətin sualdır:
“Ondan başlayım ki, Rusiya hərbçiləri hadisələrin istənilən cür inkişafına hazırdırlar. Bunu həm sülhməramlıların tərkibi, həm də onların silahlanmasından görmək olar. Onlar ən pis ssenariyə hazırdırlar, bunu bir hərbi ekspert kimi deyirəm. Bu daha çox sülhə məcburetmə əməliyyatıdır”.
V. Maisaya “Bəs kim sülhə məcbur edilir?” sualına cavab verərkən isə bildirib ki, məhz Ermənistan tərəfi sülhə məcbur edilir.
“Razılaşmanı Ermənistanın Baş naziri Nikol Paşinyan imzaladı. Ancaq onun kürsüsü silkələnir və o, vəzifəsini itirə bilər. Bəs bu zaman İrəvanda hakimiyyətə kim gələcək? Bu bilinmir. Türk sülhməramlılarının da daxil edilməsi vacib aspektdir.
Əlbəttə, nəticədə razılaşdırılacaq “yol xəritəsi”ni qiymətləndirmək lazımdır. Ancaq bunların hamısı yuxarıda qeyd olunun sülhə məcburetmə əməliyyatının bir hissəsi olaraq baş verir. Bir daha xatırlatmaq istəyirəm ki, Suriya təcrübəsi və işlənilmiş mexanizmlər var.
Bu sülhməramlı əməliyyatdakı son və razılaşdırılmış qarşılıqlı model elan olunana qədər gözləyəcəyik. Fikrimi yekunlaşdırarkən vurğulayım ki, geniş sülh müqaviləsi barədə düşünmək hələlik tezdir”.