Rusiyanın Daxili İşlər Nazirliyi Uraldakı Azərbaycan diasporunun rəhbərini axtarışa verib

“Azərbaycan-Ural” ictimai təşkilatının rəhbəri Şahin Şıxlinski axtarışa verilib.
Polise.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, o, Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə axtarışa verilib. Bununla belə, onun hansı maddə üzrə axtarıldığı göstərilmir.
Daha əvvəl iyul ayında Yekaterinburqun Lenin rayon məhkəməsi Ş.Şıxlinskinin oğlu Mutvəli Şıxlinskini iki ay müddətinə həbs etmişdi.
Səbəb iyulun 1-də “Bakı Plaza” yanında baş verən hadisə olub. O zaman Federal Təhlükəsizlik Xidməti əməkdaşları oğlunun idarə etdiyi avtomobildə Şahin Şıxlinskiyə hücum ediblər. Mutvəli Şıxlinski məhkəmədə bildirib ki, onun sağında olan güc strukturu əməkdaşını görməyib və baş verənlərə görə təəssüf edir.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.
Azərbaycan XİN dəfələrlə bəyanatlarla çıxış edərək Rusiya tərəfindən şəffaf araşdırmanın aparılmasını və bu yolverilməz zorakılıq aktının günahkarlarının məsuliyyətə cəlb edilməsini tələb edib. Bu hadisə ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkili, eləcə də Bakıdakı səfiri Azərbaycan XİN-ə çağırılıb, baş verənlərlə bağlı onlara kəskin etiraz bildirilib.
Bundan əlavə, Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 7 maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə, vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda və s.) ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub, cinayət işi üzrə istintaqa qrupu yaradılmaqla aktiv istintaq tədbirləri icra edilir.
Polise.az



