“Həm tikintidə pul oğurlanır, həm mənzillər rüşvətlə paylanır…”

Bu gün prezident İlham Əliyev Astafa və İmişli rayonlarını yeni təyin edilmiş icra başçılarını videokonfrans rejimində qəbul edib. Prezident bir daha korrupsioner məmurların əməllərindən, icra başçılarının korrupsiya və rüşvətlə məşğul olmasından danışıb.

Prezidentin çıxışından sitat:

-Bir sözlə, sizin fəaliyyətiniz rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafında özünü göstərməlidir. Çünki açıq demək istəyirəm, təxminən son 17 il ərzində bölgələrdə görülmüş işlərin ən azı 90 faizi mənim təşəbbüsümlə görülüb, dövlət proqramları çərçivəsində görülüb, 16 min kilometr avtomobil yolu çəkilib, bütün elektrik təsərrüfatı demək olar ki, yenidən qurulub. Biz qazlaşdırmanı təxminən 100 faizə çatdırmışıq, 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın Olimpiya İdman Mərkəzi, nə qədər Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər tikilib. Bütün bunları biz mənim bilavasitə göstərişimlə dövlət büdcəsi hesabına etmişik. İndi baxaq görək icra başçıları nə iş görüblər, hansı daşı daş üstünə qoyublar. İndi bütün bu işlər təftiş edilir. Mənim ayırdığım vəsait hesabına tikilmiş evlər, yəni, qəzalı evlərin əvəzinə tikilmiş evlərin tikintisində də oğurluq baş verir, həm tikintidə, həm də ki, ondan sonra mənzillərin bölüşdürülməsində. Bu evlərin insanlara tamamilə pulsuz verilməsi nəzərdə tutulubdur. Amma həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır. Deməli insanlardan pul qopardılır. İndi təftiş aparılır və bütün bu pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək. İcra başçısı ona göstərilən etimadı öz işi ilə doğrultmalıdır.

Bölgələrdə gedən işlər daim mənim nəzarətimdədir. Mənim çoxsaylı səfərlərim, eyni zamanda, o məqsədi güdür ki, görülmüş işlərin icrasını görüm, tanış olum və insanları narahat edən problemləri insanlardan eşidim və biz bunları həll edək. Amma deyə bilərəm ki, bir çox hallarda icra hakimiyyəti başçısı öz iş otağından çıxmır. Bütün icra hakimiyyəti başçıları, o cümlədən siz bütün kəndlərdə insanlarla görüşməli, insanları narahat edən problemləri insanların dilindən eşitməli və ondan sonra qərar qəbul etməlisiniz. Elə məsələ var ki, sadəcə olaraq, laqeydlik, biganəlik və məsuliyyətsizlik ucbatından həll olunmur. Elə məsələ var ki, heç böyük vəsait, böyük əziyyət tələb etmir. Sadəcə, onların vecinə deyil. Onlar hesab edirlər ki, orada ağa kimi rəhbərlik etməlidirlər, insanları incitməlidirlər, öz şəxsi maraqlarını təmin etməlidirlər. Belə təfəkkürlə yaşayan insanların bizim aramızda yeri yoxdur. Onların yeri başqa yerdədir. Ona görə, siz bütün kəndlərdə olmalısınız, bütün problemləri vətəndaşlardan öyrənməlisiniz və onları həll etməlisiniz. Bir daha demək istəyirəm ki, yerli səviyyədə həlli mümkün olmayan problemlər dərhal müvafiq mərkəzi icra orqanlarına çatdırılmalıdır.

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Back to top button