Politoloq: Kreml Paşinyanı devirmək istəyənlərə mesaj verir

Açıq-aşkar Rusiyanın Vaşinqton razılaşmasından narahatlığı görünür
 
“Halbuki, həll olunmamış bir məsələ qalır. O da Ermənistan Konstitusiyasında nəzərdə tutulan dəyişikliklərdir”
 
 
Cənubi Qafqazda baş verən son geosiyasi hadisələr, xüsusilə Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə olunmuş sülh razılaşması regionda maraqları olan güc mərkəzləri arasında ciddi rezonansa səbəb olub. ABŞ-nin vasitəçiliyi ilə imzalanan sənəd, tərəflər arasında uzun illər davam edən münaqişənin aradan qaldırılması baxımından mühüm addım olsa da, bu prosesin xüsusən Rusiyada narahatlıq doğurduğu açıq şəkildə görünür. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Vaşinqton razılaşmasına münasibəti və son açıqlamaları Moskvanın bu məsələdəki mövqeyini bir daha ortaya qoyur. Lavrov Vaşinqtonda əldə olunan razılaşmanın guya Moskvanın 2020-2022-ci illərdəki üçtərəfli sazişlərinə əsaslandığını iddia edir. Bundan başqa, nazir razılaşmanı şübhə altına alaraq mətndə bütün məsələlərin razılaşdırılmadığını deyir. Lavrov razılaşmaya spektik qiymət verib: “Ermənistanla Azərbaycan arasında Vaşinqtonda imzalanmış sülh sazişində hələ də ölkələr arasında müzakirələrə səbəb olan bir çox məqamlar var. Vaşinqtondakı görüşdən sonra ilk bir neçə gündə eşidilən həvəsli rəylər – bu nidalar sonradan skeptik qiymətləndirmələrlə əvəz olundu. Göründüyü kimi, orada heç də hər şey razılaşdırılmayıb”.
XİN başçısı əlavə edib ki, Rusiyanın Cənubi Qafqaz regionunda işinin əsas prioritetləri sülh və əməkdaşlıqdır və onlar heç vaxt dəyişməyib.
 
Lavrovun açıqlamalarını Sherg.az-a təhlil edən politoloq Oqtay Qasımov deyib ki, Rusiya XİN rəhbərinin açıqlamalarında heç də xoş məram görünmür. Ekspert vurğulayıb ki, Rusiya 8 avqustda Vaşinqtonda imzalanmış sənəddən narazılığını açıq ifadə edir:
 “Lavrovun bəyanatları bunun isbatıdır. Bu, həm də Rusiyada və Ermənistanda Baş nazir Nikol Paşinyanı devirmək istəyənlərə mesajdır. Onları ürəkləndirmək üçün səsləndirilən fikirlərdir. Lavrov iddia edir ki, Rusiya ilə Bakı və İrəvan arasında 2020-22-ci illərdə keçirilən görüşlərdə sülh sənədi razılaşdırılıb, amma onun imzalanması Vaşinqtonda baş tutub. Əlbəttə elə deyil. Bəlkə, Lavrov baş verənləri unudub, ancaq biz çox yaxşı xatırlayırıq. Rusiya hansı tezisləri önə çəkirdi?! Rusiya regionda kommunikasiyaların açılmasından danışır, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanılsın, xalq diplomatiyası ilə qarşılıqlı etimad mühiti yaradılsın və bunlardan sonra sülh sazişi imzalansın. Qarşılıqlı etimad mühitinin yaradılması qeyri-müəyyəndir və olduqca çox zaman aparacaq prosesdir. Rusiya da tərəflər arasındakı sülhü məhz qeyri-müəyyən vaxta hesablayırdı. Prosesin yubanması və konkretliyin olmaması Rusiyaya imkan verəcəkdi ki, həm Azərbaycana, həm də Ermənistana təsir etməklə bölgədə öz maraqlarını qorusun. Hətta Rusiya Qarabağa yerləşdirdiyi “sülhməramlılar” üçün hərbi baza yaratmağı belə planlayırdı”.
 
Siyasi şərhçi diqqətə çatdırıb ki, Moskva yerli-yersiz Qarabağdan könüllü getmiş ermənilərin “status” məsələsini gündəmə gətirirdi:
 “Halbuki, Rusiya üçtərəfli sazişə əsasən, öz üzərinə düşən addımları atmadı. Ukrayna müharibəsi başlayanadək Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üç görüşü oldu. Görüşlərdə sadəcə kommunikasiya məsələsi müzakirə olundu. Üstəlik, üçlü komissiyalar, işçi qrupları yaradıldı və s. Ancaq nəticələr olmadı. 5 ildə Zəngəzur dəhlizi açılmadı. Çünki Rusiya prosesin irəliyə getməsində maraqlı deyildi. Regiona təsir və təzyiq mexanizmi üçün münaqişəli vəziyyətin, problemlərin qalması Moskva üçün daha əlverişli idi”.
 
O.Qasımov qeyd edib ki, Rusiya indi yenidən “3+3” formatından danışır:
 “Bu formatın müəllifləri Azərbaycan və Türkiyədir. Bakı bu formatı irəli sürməklə bölgədə destruktiv rol oynayan qonşularımız – Rusiya və İranı prosesə qatmaqla vahid mövqe formalaşdırmaq və bölgənin problemlərini region dövlətlərinin iştirakı ilə həll etmək təklifini verirdi. Qarşılığında başqa yanaşmalar gördük. İran Qarabağdakı separatçılara yardımları kəsmədi, hətta “tikinti işçiləri” adı altında öz kəşfiyyatçı-təlimatçılarını da göndərdi. Rusiya da öz hərbi kontingenti vasitəsilə separatçı tör-töküntüləri himayə etdi, silahlandırdı, təlimlər keçdi. Ermənistanda istehsal olunmuş minaların Qarabağa gətirilməsinə və basdırılmasına şərait yaratdı. Rusiya və İranın pozucu hərəkətləri “3+3″ formatının işlək olmasına imkan vermədi. Məhz bundan sonra Azərbaycan münaqişənin həllini ikitərəfli formata keçirtdi və Ermənistan hökuməti də bunu qəbul etdi. Nəticədə proses irəlilədi. Lavrov onu iddia edir ki, guya Vaşinqton görüşündə razılaşdırılmamış məqamlar qalmaqdadır. Bu da yanlışdır. Həll olunmamış sadəcə bir məsələ qalır. O da Ermənistan Konstitusiyasında nəzərdə tutulan dəyişikliklərdir. Açıq-aşkar Rusiyanın Vaşinqton razılaşmasından narahatlığı görünür. Moskva ABŞ ilə qarşı-qarşıya gəlmək istəmədiyi üçün Ermənistan daxilindəki əlaltıları vasitəsilə prosesə əngəl törətməyə çalışır və çalışacaq”.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button