Böyük qələbəyə gedən yolun başlanğıcı – Anım Günü

“Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub”.

Teleqraf xəbər verir ki, bu, 5 il əvvəl – sentyabrın 27-də Müdafiə Nazirliyinin İkinci Qarabağ müharibəsinin başlamasına dair yaydığı ilk xəbərdən sitatdır. Həmin tarixdə Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi.

Bu qərardan sonra Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda isə qismən səfərbərlik elan edildi.

44 gün davam edən Vətən müharibəsində- 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və nəhayət 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.

“Ermənistan müharibənin dayandırılması üçün…”

Azərbaycan Ordusunun əks -hücumu qarşısında aciz qalan Ermənistan müharibənin dayandırılması üçün Rusiyaya müraciət etdi. Moskvanın təşəbbüsü ilə imzalanan üçtərəfli müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin keçmiş Dağlıq Qarabağın ətrafındakı ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi.

Qeyd edək ki, həmin razılaşmaya əsasən 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları azad edildi.

“Anım Günü” təsis edildi

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra, 2 dekabr 2020-ci ildə Vətən müharibəsinin başladığı günü “Anım Günü” kimi qeyd etmək barədə sərəncam imzaladı.

Vətən müharibəsindəki şanlı qələbəmiz xalqımızın igid övladlarının qanı-canı bahasına qazanıldı. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə 2 min 900-dən çox əsgər və zabitimiz şəhid olub. Şəhid və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini təkcə bu gün – 27 sentyabr – Anım Günündə deyil, həmişə ehtiramla yad edir.

Prezident İlham Əliyevin “Anım Günü”nün təsis edilməsi haqqında imzaladığı Sərəncamda da qeyd edilir ki, “Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir”.

“159 mindən müharibə iştirakçısı təltif olundu”

Bu şanlı Qələbəni xalqımıza yaşatmış hərbçilərimizin qəhrəmanlığını yüksək qiymətləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-2021-ci illərdə imzaladığı sərəncamlarla Vətən müharibəsinin ümumilikdə 159 mindən çox iştirakçısı müxtəlif orden və medallarla təltif olundu.

Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2021-ci il sentyabrın 27-də Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin təməli qoyuldu.

Diplomatik qələbə

Vətən müharibəsindən sonra qələbənin məntiqi davamı olaraq, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir sutkadan az müddət ərzində düşmən aldığı ağır zərbələrdən sonra silahı yerə qoymağa və Azərbaycan rəhbərliyinin şərtlərini qəbul etməyə məcbur oldu. Bununla da suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin döyüş meydanındakı qələbəsi diplomatiyada da davam etdi. Müxtəlif ölkələrin “qara piar” kampaniyasına, qızışdırıcı mövqe tutmasına rəğmən Azərbaycan beynəlxalq arenada uğur qazanacaq addımlar atdı. Beləliklə, 8 avqust 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında birgə bəyannamə imzalandı. Bu sənədə əsasən, Azərbaycanın tələbləri nəzərə alınmaqla sülh sazişinin paraflanması aparıldı.

Heş şübhəsiz ki, Azərbaycan dövlətinin son 5 ildə ard-arda qazanılan qələbələrinin arxasında 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi və bu savaşda canından-qanından keçən şəhidlərimiz var. Onların əziz xatirəsi hər zaman Azərbaycan dövləti və xalqı var olduqca daim yaşayacaq.

Allah Azərbaycanın bütövlüyü uğrunda canıdan keçən bütün şəhidlərə rəhmət eləsin!

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button