Füzulidə Anım Günü qeyd olunur

44 günlük Vətən müharibəsi zamanı torpaqların azadlığı uğrunda həyatını qurban verən şəhidlərin anım günü Füzulidə də qeyd olunur.
Polise.az-ın Qarabağ bürosunun xəbərinə görə, Füzuli rayon sakinləri eləcə də şəhidlərin xatirəsini yad etmək üçün digər rayonlardan gələn ziyarətçilər Vətən müharibəsi zamanı işğaldan ilk azad olunan Qaraxanbəyli kənd ərazisindəki ilk şəhidlərinin xatirəsinə ucaldılmış daş abidəni ziyarət edirlər.
Ziyarətçilər istər fərdi qaydada, istərsə də bayraqlarla bəzədilmiş avtomobil karvanları ilə abidə kompleksini ziyarət edir. Şəhidlərimizə minnətdarlıqlarını dilə gətirib onlara Allahdan rəhmət diləyiblər. Azərbaycan xalqının yaşadığı müddətcə bu qəhrəmanların unudulmayacaqlarını bildiriblər.

Qeyd edək ki, Füzuli rayonunun Qaraxanbəyli kəndi ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidənin yerində işğal dövründə erməni silahlı birləşmələri möhkəmlənmişdi. Bu ərazidən mütəmadi olaraq Füzuli rayonunun Alxanlı kəndindəki mülki əhali atəş altında saxlanılırdı. 2020-ci ilin sentyabrın 27-də – Vətən müharibəsinin ilk günündə ordumuz bu mövqeyi darmadağın edərək, Qaraxanbəyli kəndini işğaldan azad edib.
Həmin gündən etibarən sözügedən ərazi Vətən uğrunda canından keçən qəhrəmanların şəhid olduğu ilk yerlərdən biri kimi ziyarətgaha çevrilib.
.jpg)
.jpg)
.jpg)



