Tramp nüvə bombası partlatmağı planlaşdırır
ABŞ hakimiyyəti 1992-ci ildən bəri ilk dəfə nüvə sınağı keçirməyi planlaşdırır.
Məsələ ötən həftə Ağ evdə müzakirə olunub. ABŞ prezidentinin administrasiyasına yaxın mənbələr deyiblər ki, milli təhlükəsizlik üzrə ali orqanların rəhbərlərinin görüşü Ağ evin Rusiya və Çinin xəlvəti olaraq aşağı gücə malik nüvə başlıqlarının sınaqlarını keçirdiyi barədə məlumatından sonra keçirilib. Lakin Rusiya və Çinin nüvə sınaqlarına dair sübutlar təqdim olunmayıb.
Lakin bildirilir ki, görüşdə nüvə sınaqlarına qoyulmuş moratoriumun ABŞ tərəfindən pozulması barədə razılıq əldə edilməyib, hərçənd müzakirələr davam etdirilir. Mənbələrdən biri deyib ki, Birləşmiş Ştatların öz nüvə sınaqlarını sürətlə bərpa etmək imkanının nümayiş etdirilməsi iri nüvə nəhənglərinin arsenalının nizamlanmasına dair üçtərəfli sövdələşmənin əldə edilməsində faydalı ola bilər.
Amma digər mənbə deyib ki, yekunda Çin və Rusiyanın təhdidlərinə qarşı cavab tədbirləri görmək qərara alınıb, amma nüvə sınaqlarının bərpasından hələlik qaçmaq tövsiyə olunub.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp ABŞ-ın Rusiya ilə “Açıq səma” razılaşmasından çıxacağını deyib, bunu Rusiyanın həmin razılaşmanın şərtlərini pozması ilə əsaslandırıb. Razılaşma ABŞ və Rusiyaya qarşılıqlı olaraq imkan verir ki, bir-birlərinin hava məkanında kəşfiyyat uçuşları keçirsinlər.