Xatirə Kitabı Redaksiyası 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində…

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası da öz çap məhsullarını təqdim edir. Redaksiya 02 oktyabr saat 18:00-da Nizami Gəncəvi təqdimat zonasında “Vətən daşı… və ya 44 günün dastanı” seriyasından Vətən müharibəsi şəhidi Dəyanət Əliyevə həsr olunmuş filmi nümayiş etdirdi.
Şəhidi Dəyanət Əliyevə həsr olunmuş filmi nümayişinə həsr olunan tədbirin aparıcısı şair-publisist Rəfail Tağızadə çıxış edərək layihə rəhbəri Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, rejissoru Vüsal Nuru olan film haqqında məlumat verdi və Xatirə Kitabı Redaksiyasının indiyə qədər gördüyü işlərdən danışdı, fəaliyyətlərini yüksək qiymətləndirdi. Tədbirdə Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, professor Elşad Səmədzadə, Əməkdar jurnalist Zemfira Məhərrəmli, yazıçı-rejissor Vüsal Nuru da çıxış edərək mövzu ətrafında danışıblar.
Qeyd edək ki, redaksiya 06 oktyabr saat 17:00-da “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından Vətən müharibəsi şəhidi Babək Namazova həsr olunmuş “Cəsur Vətən oğlu” kitabının, həmçinin, 07 oktyabr saat 13:00-da “Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır” kitabının təqdimatlarını və Xatirə Kitabının 30 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirəcək. Tədbirlərimiz Nizami Gəncəvi təqdimat zonasında keçiriləcək. Əlbəttə, kitaba hörmət Vətənə, onun uğrunda canını fəda etmiş şəhid oğullara rəğbətdir…
İradə SARIYEVA










