Nasuhun hekayəsi: İmanın həqiqi zənginliyi və Allahın sonsuz mərhəməti

Çox qədim zamanlarda İsrail bölgəsində Nasuh adlı varlı bir padşah yaşayırdı. Malı-mülkü çox idi, tam dörd yüz şəhərə hökm edirdi. Bir gecə, sükutun ortasında içini dərin sarsıdan bir səs eşidir. Bu səs ona dünyanın faniliyini xatırladır:

“Dünyadakı mal dünyada qalır. Əcdadların heç nə aparmadı, sən də apara bilməyəcəksən…”.

Nasuh o an düşünür: “Doğrudan da belədir. Bu qədər mal, bu qədər şəhər… Heç biri o dünyaya getməyəcək. O halda mal üçün hərislik etmək, günaha girmək nəyə lazımdır? İnsan malı-mülkü deyil, Allahı sonsuz sevməlidir…”.

Bu düşüncə ilə taxtını, səltənətini tərk edir. Səhralara düşür, bir mağaraya sığınır. Günlərlə ac-susuz yalnız namaz qılır, dua edir. Bir müddət sonra yemək axtarmaq üçün çölə çıxır. Səhrada bir qoyun tapır. Sahibini axtarır, amma tapa bilmir.

“Onu canavarlardan qoruyum, sahibi gələrsə, təslim edərəm,” – deyir.
Bir müddət keçir, qoyunun məmələri südlə dolur, heyvan əziyyət çəkməyə başlayır. Bunu görən Nasuh südünü sağaraq həm heyvanı rahatladır, həm də qarnını doyurur.

Aylar keçir, qoyun balalayır. Nasuh südü quzularla bölüşür. Zamanla sürü böyüyür, çoxalır. Mal-mülkü tərk edən Nasuhun sürüsündə böyük bir bərəkət yaranır. Tacirlər gəlib heyvan alır, o da qarşılığında dəvələr əldə edir.

Bu halı görən Cəbrayıl əleyhissəlam Uca Allahdan soruşur: “Ey Rəbbim, guya Nasuh malı tərk etmişdi. Onun yenə saysız-hesabsız sürüləri var. Bunun hikməti nədir?”.

Allah buyurur: “Xeyr, o mal üçün yaşamır. Əmanəti qoruyur. İstəsən, sınayıb gör…”.

Cəbrayıl çoban libasında Nasuhun yanına gedir. Ona illər əvvəl itirdiyi bir qoyunu axtardığını söyləyir. Nasuh tərəddüd etmədən cavab verir:

“Mən də bir qoyun tapmışdım. Yaşasın deyə saxladım, pulu buradadır. Hətta balaladı, çoxaldı. Bütün bu mallar da sənindir. Mən sadəcə əmanətçiyəm”.

Sonra köhnə paltarlarını geyinir, çobana deyir: “Üstəlik, sənin qoyununun südünü iznsiz içmişdim. Haqqını halal et”.

Çoban inadla: “Etmirəm! Hamısı iznsiz idi”, – deyir.

Nasuh göz yaşları ilə yalvarır: “O halda məni qul kimi sat. Parasını südünə say. Hətta qulun olum, yetər ki haqqını halal edəsən!”.

Nasuhun bu səmimiyyəti, göz yaşları göyləri titrədir. Mələklər onun üçün ağlayır. O anda Allah əmr edir:

“Yetər! Ona özünü tanıt!”.

Cəbrayıl Nasuhun kürəyini oxşayır: “Mən Cəbrayılam. Səni imtahan etmək üçün gəldim. Bu imtahandan alnı açıq çıxdın. O qoyun da, südü də, mallar da sənə halaldır. Çünki onlar sənə Allahın hədiyyəsi idi”.

Beləcə Nasuh dünya malının əsiri olmadığını, Allah yolunda səmimi yaşadığını sübut edir. Onun hekayəsi malın deyil, imanın və təslimiyyətin həqiqi zənginlik olduğunu göstərir.

Rəbbim, Sənə sığınıram.
Qəlbim daraldığında, yollar qaraldığında, içim sıxıldığında Sənin sonsuz mərhəmətinə sığınıram. Bilirəm ki, tək deyiləm, Sən hər an mənimləsən. Yüküm ağırlaşanda, çiynimə çökən qəm məni əzəndə, içimdə izah edə bilmədiyim fırtınalar qopanda qəlbimi bilən Sənsən. Sonsuz dualarımı eşidən Sənsən. Göz yaşlarımı görən Sənsən.

Allahım, qəlbimi rahatlat, ruhumu hüzurlu et. İçimə sərinlik ver, bu sıxıntını, bu darlığı xeyirə çevir. Məni mənə ağır gələn şeylərlə imtahan etmə. Çiynimə daşıya bilməyəcəyim yükləri yükləmə. Gücümün tükəndiyini hiss etdiyim anlarda, Sənin qüdrətinlə ayağa qaldır məni.

Nə zaman içim daralsa, Sənə sığınım, nə zaman yolumu itirsəm, nurunla yolumu tapım. Dualarım qəbul olmayacaq sanıb ümidsizliyə düşdüyüm anlarda qəlbimə səbr və təvəkkül endir. Sənin rəhmətindən əsla ümid kəsməyim.

Və ən sonda, qəlbimi sevgi ilə doldur. Dünyaya nifrətlə deyil, mərhəmətlə baxım. Bağışlaya bilim, anlaya bilim, sevə bilim… Ən qaranlıq anımda belə “Rəbbim mənə yetər” deyə bilim.

Adil Paşayev

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button