Stoltenberq:”Ərdoğanla dostluğum NATO-nu xilas etdi”

NATO-nun sabiq baş katibi Yens Stoltenberq yeni kitabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla illər ərzində formalaşan yaxın münasibətlərinin ittifaqın parçalanmasının qarşısını aldığını etiraf edib.
O, yeni “On My Watch” adlı kitabında NATO daxilindəki ən gərgin dövrlərdə Ərdoğanla birbaşa əlaqənin böhranların həllinə mühüm təsir göstərdiyini qeyd edib:“Ərdoğanla birbaşa ünsiyyət qurmaq bir çox böhranı aradan qaldırdı. Türkiyə olmadan NATO birliyini qorumaq mümkün olmazdı”.
Kitabda 2015-ci ildə Türkiyənin Rusiya qırıcı təyyarəsini vurması ilə başlayan gərginlik ayrıca yer tutur. Stoltenberq yazır ki, bu hadisə NATO daxilində ciddi fikir ayrılığına səbəb olub:“Kənara qarşı Türkiyəni dəstəklədiyimizi bəyan etsək də, ittifaq daxilində fikir ayrılığı dərin idi. Fransa və İtaliya açıq dəstəyə qarşı çıxırdı, Almaniya isə ehtiyatlı mövqe tuturdu”.
Hadisədən dərhal sonra Rusiyanın Suriya sahillərinə “Moskva” hərbi gəmisini yerləşdirdiyini, Avropada isə panika yarandığını qeyd edən Stoltenberq bu hadisəni “ittifaq üçün dönüş nöqtəsi” adlandırıb.
Stoltenberq əlavə edib ki, həmin görüşdə Ərdoğan faktları və videoları iPad vasitəsilə şəxsən təqdim edərək mövqeyini əsaslandırıb.
Sabiq baş katibin sözlərinə görə, 2019-cu ildə Fransa Prezidenti Emmanuel Makronun “NATO-nun beyin ölümü baş verib” açıqlaması ittifaq daxilində yeni gərginlik yaradıb.
Trampın Makronu sərt tənqid etdiyini xatırladan Stoltenberq, “Ərdoğan və Makron bir-birinin ideal düşməninə çevrilmişdi” deyə yazır.
2022-ci ilin mayında Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü veto etməsi Stoltenberqi yeni sınaqla üz-üzə qoydu.
Sonrakı danışıqlardan sonra razılaşma əldə olundu və İsveçlə Finlandiyanın NATO-ya qəbul prosesi başa çatdı.
Kitabda Stoltenberq Ərdoğanla münasibətlərinə yekun olaraq yazır:“Onu tanıyıram. O, Türkiyənin ittifaq daxilində layiqincə təqdir edilməsini istəyir. Bu, onun üçün əsas məsələdir”.
Polise.az



