Paşinyan müddəti açıqladı – “Texniki məsələlər iki-üç il ərzində öz həllini tapacaq”

“Siyasi baxımdan biz Naxçıvan Muxtar Respublikasından Azərbaycanın materik hissəsinə və geriyə Ermənistan ərazisindən tranziti təmin etməyə hazırıq, lakin texniki cəhətdən infrastrukturun olmaması səbəbindən hələ hazır deyilik”.
NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanda keçirilən “İpək Yolu” konfransı zamanı deyib.
Onun sözlərinə görə, ölkəsi siyasi baxımdan Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında, eləcə də Türkiyə ilə Azərbaycanın materik hissəsi arasında dəmir yolu tranzitini təmin etməyə də hazırdır:
“Lakin bu hissələrdə dəmir yolu təmir və ya yenidənqurma tələb edir. Əminəm ki, texniki məsələlər iki-üç il ərzində öz həllini tapacaq”.
Baş nazir nəzərə çatdırıb ki, yaxın vaxtlarda Ermənistan ərazisi vasitəsilə boru kəmərləri və Azərbaycan-Ermənistan-Türkiyə elektrik xətləri çəkiləcək:
“Artıq qeyd etdiyim kimi, dəmir yolu və avtomobil yolları da qurulacaq. Bütün bunlar TRIPP proqramı çərçivəsində müzakirə olunur. Biz Türkiyə və Azərbaycanla da müvafiq danışıqlar aparırıq. Biz də bu razılaşmaların həyata keçirilməsi üçün ABŞ ilə işləyirik”.
Paşinyan qeyd edib ki, bütün bunların həyata keçirilməsinin ən mühüm şərti Vaşinqton sammiti nəticəsində Ermənistanla Azərbaycan arasında yaradılmış sülhdür:
“Biz hazırda Azərbaycanla bu sülhü institutsionallaşdırmaq üçün çalışırıq. Biz Vaşinqtonda paraflanmış Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiyası üzərində işləyirik. Paralel olaraq, bütün nəqliyyat əlaqələri mərhələli şəkildə açılacaq ki, bu da regionumuza tarixi dəyişikliklər gətirəcək”.
Ermənistan hökumətinin başçısı bildirib ki, bölgədəki nəqliyyat layihələrinin bir-biri ilə rəqabət apardığına dair bəzi açıqlamalarla tanışdır.
“Mən bu fikirlə qətiyyən razılaşmıram, çünki regionumuzdakı nəqliyyat marşrutları bir-birini tamamlayır, Cənubi Qafqazın tranzit potensialını artırır. Vaşinqton Bəyannaməsinin üçüncü bəndində deyilir ki, Fars körfəzi-Qara dəniz dəmir yolu da açılacaq və bu, təkcə Ermənistanın deyil, həm də Gürcüstan və Azərbaycanın potensialını əhəmiyyətli dərəcədə artıracaq”, – Paşinyan vurğulayıb.
Onun fikrincə, Ermənistanla Türkiyə arasında dialoq, Ermənistanla Azərbaycan arasında yaradılmış sülh, TRİPP layihəsi, Gürcüstan və İranın region ölkələri ilə mehriban qonşuluq münasibətləri Cənubi Qafqazı Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində ən cəlbedici tranzit marşrutuna çevirəcək.
“Bu o deməkdir ki, regionumuzdakı bütün ölkələrin infrastrukturu bu artan axınları idarə etmək üçün kifayət qədər olmasa da, həddindən artıq yüklənəcək. Hazırda Cənubi Qafqaza yönəlmiş böyük beynəlxalq maraq bizim – Ermənistan, Gürcüstan və Azərbaycanı nəzərdə tuturam – regionumuzun inkişafını və sabitliyini təmin etmək üçün ağılla istifadə etməli olduğumuz kapitaldır”, – Paşinyan əlavə edib.
Paşinyan qeyd edib ki, Cənubi Qafqazda təkcə sülhü deyil, həm də rifahı və inkişafı təmin etmək üçün tarixi imkan yaranıb, çünki sülh, firavanlıq və inkişaf ticarət yüklərinin, boru kəmərlərinin və elektrik xətlərinin daimi yoldaşlarıdır.
“Bölgəmizə əmin-amanlıq gəlib və bizə yük dövriyyəsini artırmaq, boru kəmərlərinin və elektrik xətlərinin sayını artırmaq, Cənubi Qafqazda rifah və inkişafı təmin etmək qalır. Bu, sülhü daha da möhkəmləndirəcək və bu da öz növbəsində Ermənistan, Gürcüstan və Azərbaycan üçün rifahın və inkişafın həcmini və sürətini artıracaq. İnanıram ki, bizim üç Cənubi Qafqaz ölkəsinin liderləri təkcə fərdi olaraq deyil, həm də birlikdə, əlbəttə ki, digər qonşularımız və beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq etmək üçün kifayət qədər iradə və müdrikliyə malikdir”, – hökumət başçısı deyib.
Xatirə SADIQ



