BDYPİ: Yağışlı hava şəraitində sürücülər və piyadalar daha diqqətli olmalıdır

Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini artırır.

Polise.az   xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara xəbərdarlıq edib.

Bildirilib ki, yağış nəticəsində yol səthinin sürüşkən olması, eləcə də görmə məsafəsinin məhdudlaşması sürücülərdən xüsusi diqqət, məsuliyyət və intizam tələb edir.

“Bu səbəbdən bir daha xatırladırıq ki, belə hava şəraitində nəqliyyat vasitəsini idarə edərkən sürət həddini azaldın, ara məsafəsini normadan artıq saxlayın, şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət edin”.

Həmçinin qeyd olunub ki, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə risklər yaradır.

“Yağışlı havada sürücülərin görmə imkanlarının məhdudlaşdığını nəzərə alaraq, piyadalar səki ilə hərəkət etməli, yolu yalnız piyada keçidlərindən keçməli, açıq rəngli və asan görünən geyimlərə üstünlük verməlidirlər. Yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinin tam dayandığından əmin olmaq son dərəcə vacibdir”.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını təhlükəsizliyə məsuliyyətlə yanaşmağa, yollarda diqqətli və ehtiyatlı olmağa çağırır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button