Katolikos Paşinyana qarşı: Xarici qonaqlarla görüşdə ağzına və ağlına gələni danışdı – FOTO

Bütün ermənilərin katolikosu Matenadaranda “Müqəddəs Dua Səhəri” təşəbbüsü ilə İrəvana gəlmiş xarici qonaqlar qrupunu qəbul edib. Görüş zamanı qonaqların Ermənistan hakimiyyəti ilə kilsə arasında son aylarda kəskinləşən qarşıdurma, din xadimlərinin “qanunsuz həbs edilməsi” iddiaları və ruhanilərə qarşı aparılan istintaqlar barədə sualları cavablandırılıb.
Musavat.com xəbər verir ki, Kilsə nümayəndələri hökumətin guya “anti-kilsə addımları”na əl atdığını bildiriblər. Qonaqlarla söhbətdə “Artsax ermənilərinin” humanitar vəziyyəti, kilsənin bu insanlara yönəlik sosial proqramları, həmçinin Azərbaycanda saxlanılan separatçıların “hərbi əsir” kimi təqdim edilməsi cəhdləri müzakirə edilib.
Musavat.com-un arayışına görə, katolikos və ona bağlı siyasi dairələr bu şəxslərin statusundan bilərəkdən manipulyativ şəkildə istifadə edir. Halbuki söhbət Azərbaycan qanunvericiliyinə görə separatçılıqda, konstitusiya quruluşuna qarşı silahlı çıxışlarda, terror və digər cinayətlərdə ittiham olunan şəxslərdən gedir. Kilsə onları məqsədli şəkildə “əsir” kimi təqdim etməyə çalışır və bu narrativ müxtəlif beynəlxalq platformalarda dövriyyəyə buraxılır.
Müşahidəçilərin fikrincə, bu yanaşmanın əsas məqsədi humanitar mövzuları siyasi alətə çevirmək və daxili auditoriyada Paşinyan hakimiyyətinə qarşı ictimai narazılığı gücləndirməkdir. Kilsə və ona bağlı müxalifət dairələri bu mövzunu populist çağırışların mərkəzinə çevirərək hökumətin elektoratını parçalamağa, Paşinyanın mövqelərini zəiflətməyə çalışırlar.
Görüşdə həmçinin qondarma “artsax” ermənilərinin “statusu”, Qarabağdakı “mədəni-mənəvi irsin qorunması” və digər mövzular da qaldırılıb. Lakin bu məsələlərin əksəriyyəti əvvəlki illərdə kilsə və radikal müxalifət tərəfindən dəfələrlə manipulyativ formada təqdim edilib və real vəziyyəti təhrif edir.
Hazırda Ermənistan daxilində kilsə ilə hökumət arasında gərginlik artmaqda davam edir və katolikosun çıxışlarının siyasi tonunun güclənməsi bu qarşıdurmanın dərinləşdiyini göstərir.
Musavat.com




