Katolikosa və Rusiyaya Vaqarşapat zərbəsi – Paşinyan 2026-nın qələbə anonsunu verdi

Ermənistan Baş naziri Nikol Paşinyanın partiyası Eçmiədzin kilsəsinin də yerləşdiyi Vaqarşapatdakı bələdiyyə seçkilərində qalib gəlib. Rəsmi məlumata görə, qalib qüvvə böyüdülmüş icma rəhbərliyində 33 yerdən 19-nu qazanmaqla yerli hökuməti təkbaşına formalaşdıra biləcək.
Dünənki səsvermədə ənənəvi radikal-revanşist müxalifət çox az sayda səs alıb. Ancaq daşnaklar istisna olmaqla. Maraqlıdır ki, onlar “İrəli” partiyası ilə koalisiyada səslərin 31.9%-nu əldə ediblər – 2-ci yer…
Beləcə, hakim “Mülki müqavilə” partiyası Gümrüdəki uğursuzluğun əvəzini çıxa bilib. Hərçənd Rusiya hərbi bazasının yerləşdiyi Gümrüdə də Paşinyan partiyası qalib gəlmişdi, lakin təkbaşına yerli hökuməti qura bilmədiyi üçün müxalif fraksiyalar birləşərək ruspərəst Vardan Qukasyanı mer seçmişdilər (ötən ay korrupsiya ittihamı ilə həbs olunub).
Vaqarşapat uğuru o deməkdir ki, hakim partiya xüsusən də Azərbaycan və Türkiyə ilə birgə irəli aparmaq istədiyi sülh gündəliyinə, sosial duruma görə nə qədər tənqid olunsa da, cəmiyyətdə onun reytinqi müxalifətdən yetərincə yüksək olaraq qalır, hakimiyyətə inam-etibar heç də azalmayıb. Rusiyaya bağlı radikal-revanşistlərə etimad isə bütün cəhdlərə rəğmən, ən yaxşı halda dəyişməyib. Yəni çox aşağıdır. Hər halda “dəniz suyunun dadını bilmək üçün damla da yetərlidir”…
Şübhə yox ki, bu lokal, lakin mənaca böyük qələbə yaxınlaşmaqda olan parlament seçkilərində Baş nazirin və komandasının əlini gücləndirir. Belə bir nəticə təbliğati ritorikanı gücləndirmək, hətta seçkiləri qabağa çəkmək üçün Paşinyana hətta hava-su kimi lazım idi.
Üstəlik, Eçmiədzin məsələsi. Nəticələr Paşinyanın kilsə ilə getdikcə kəskinləşən davasında onun mövqeyini gücləndirməklə yanaşı, əlbəttə ki, katolikos II Qareginə ciddi zərbədir. Ermənistanın mənəvi paytaxtına daha inamlı nəzarət imkanı deməkdir. Çünki səsvermənin nəticələri ictimai əhval-ruhiyyənin göstəricisidir. Eyni zamanda, seçki kampaniyasında iştirak eləmiş əsas müxalifət qruplarının zəiflədiyi barədə siqnaldır…
Təsadüfi deyil ki, Paşinyan qələbədən böyük sevinci hissi keçirdiyini gizlətməyib və seçicilərə minnətdarlıqla yazıb: “Siz bununla “Vətəndaş Müqaviləsi” partiyasının dövlətçiliyimizi, müstəqilliyimizi, suverenliyimizi və azadlığımızı gücləndirmək strategiyasına sarsılmaz dəstək verdiniz. Səsinizlə müqəddəs məkanımız olan Eçmiədzin Ana Taxtının Ktriç Nersisyandan (II Qaregin – Z.S.) azad edilməsinə əhəmiyyətli təkan verdiniz. “Vətəndaş Müqaviləsi” partiyasından olan bütün həmkarlarımı və Ermənistan Respublikasının bütün vətəndaşlarını 2026-cı il seçkiləri öncəsi bu möhtəşəm müqəddimə münasibətilə təbrik edirəm. Ermənistan xalqı parlament seçkilərində qalib gələcək”.
Müqəddimə, yaxud “baş məşq”. Olsun. Artıq ona da şübhə qalmır ki, Baş nazir qonşularla böyük sülh prosesinə, “Real Ermənistan” strategiyasına əngəl olmağa çalışan qüvvələrlə, düşərgə ilə bundan sonra daha sərt davranacaq. Ancaq proseslər parlament seçkilərinin, ardınca da konstitusiya üzrə referendumun qabağa çəkilməsinə və Azərbaycanla sülh müqaviləsinin tezləşməsinə gətirəcəkmi? Bunu yəqin ki, az sonra biləcəyik…
Z.SƏFƏROĞLU



