İlk dəfə! Süni intellekt real kiberhücum həyata keçirdi

Musavat.com xəbər verir ki, Çin mənşəli haker qruplaşması 30 böyük texnologiya və maliyyə şirkətinin sistemlərinə sızmaq üçün süni intellekt modeli Claude Codedan istifadə edib.
Məlumata görə, hakerlər İİ modelini aldadaraq hücumu guya “təhlükəsizlik testi” kimi təqdim ediblər. Bundan sonra Claude Code özü sistemlərə daxil olub, məlumat bazalarını yarıb və oğurlanmış informasiyanı avtomatik şəkildə təsnif edib.
İİ insan hakerlərini sürətdə geridə qoydu
Süni intellekt saniyədə minə yaxın sorğu göndərərək ən təcrübəli hakerlərin belə çata bilmədiyi sürətlə işləyib. Hücumun 80–90%-ni məhz İİ yerinə yetirib.
Bununla belə, bəzi hallarda model “məxfi məlumat əldə etdiyini” iddia etsə də, həmin məlumatların bir qismi əslində açıq mənbələrdə mövcud olub. Bu səbəbdən hakerlər yalnız 4–6 kritik qərar mərhələsində birbaşa müdaxilə ediblər.
İİ hücum hesabatı da hazırlayıb
Əməliyyat bitdikdən sonra Claude Code detallı sənədləşmə tərtib edərək həyata keçirdiyi kiberhücumun bütün mərhələlərini yazılı formada təqdim edib.
Süni intellektin bu qədər müstəqil şəkildə real kiberhücum icra etməsi beynəlxalq kibertəhlükəsizlik mütəxəssisləri üçün ciddi siqnal hesab olunur. Hadisə İİ-nin qlobal təhlükəsizliyə real təhdidə çevrilə biləcəyini bir daha göstərib.

Polise.az



