Cenevrədə gərginlik: Rüstəm Umerov qələmi sındırdı, Yanukoviç gündəmə gəldi

Musavat.com xəbər verir ki, Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Cenevrədə ABŞ nümayəndə heyəti ilə keçirilən danışıqlarda gərgin anlar yaşayıb.
Insider UA Telegram-kanalının yaydığı fotoya əsasən, yüksək gərginlik fonunda Umerov əlindəki qələmi sındırıb.
Məlumata görə, tərəflərin ABŞ prezidenti Donald Tramp administrasiyasının hazırladığı sülh planına dair dəyişiklikləri müzakirə etdiyi ilk raund kifayət qədər çətin keçib. Kanala görə, “Ukrayna hər prinsipial bəndi müdafiə etmək üçün ciddi mübarizə aparmalı olur və bu, heç də asan başa gəlmir”.

Almaniya kansleri Fridrix Mers də Cenevrədəki prosesin son dərəcə ağır keçdiyini təsdiqləyib. O bildirib ki, vaxtın azlığı səbəbindən ən azı ilkin atəşkəsin qısa müddətdə təmin olunması əsas hədəfə çevrilib.
Bundan əvvəl The Washington Post yazmışdı ki, Umerov ABŞ-ın sülh planı çərçivəsində Rusiyaya müəyyən territorial güzəştlərin mümkün ola biləcəyini istisna etmir. Mənbəyə görə, prezident Vladimir Zelenski də ən kritik məsələlər üzrə kompromis ehtimalını nəzərdən keçirməyə hazır ola bilər.
Qeyd edək ki, 2014-cü ildə devrilmiş Ukrayna prezidenti Viktor Yanukoviç Rostov-na-Donu şəhərində keçirdiyi məşhur mətbuat konfransında xalqa üzrxahlıq etdiyi an gərginlikdən əlindəki qələmi sındırmışdı. Rüstəm Umerovun Cenevrə danışıqları zamanı qələmi qırması isə bu epizodu yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə və siyasi şərhçilər arasında iki fərqli dövrün iki siyasi fiqurunun eyni davranışı göstərməsi geniş müzakirələrə səbəb olub.
Polise.az



