Rəşad Nəbiyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində əhəmiyyətli nailiyyətlər var

“Şərq–Qərb istiqaməti üzrə, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində də əhəmiyyətli nailiyyətlər əldə olunub. Bu marşrut yalnız şimal-qərb xəttinin deyil, həm də “Şimal–Cənub” dəhlizinin mühüm elementidir”.
Polise.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclasında bildirib.
Rəşad Nəbiyev əlavə edib ki, hazırda illik 15 milyon tonadək yükötürmə qabiliyyəti olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi fəal şəkildə aparılır:
“Bu xətti 2026-cı ildə Ermənistan sərhədinədək çatdırmağı planlaşdırırıq. Paralel olaraq Azərbaycan Naxçıvan ərazisindən keçən 188 kilometrlik dəmir yolu xəttinin bərpası üzərində çalışır. Bu magistralın layihələndirilməsi mərhələsini tamamlayırıq və yaxın zamanda tikinti işlərinə başlayacağıq”.
Polise.az


