SSRİ dövrünün hansı ilinə qayıdaq?

SSRİ xiffəti çəkən, SSRİ dövrünə qayıtmaq istəyənlərə belə bir sualım var: siz SSRİ-nin hansı dövrünə qayıtmaq istəyirsiniz, yoldaşlar?

Lap ilk ilinə, Dzerjinskinin baş polis olduğu dövrə qayıtmaq istəyirsinizsə, bilməlisiniz, o zaman Leninin əmri vardı, eserlər, menşeviklər, çar məmurları ağqvardiyaçılar, fabrikantlar, tacirlər, varlı kəndlilər, alverçilər, küçə avaraları, fahişələr, kriminal ünsürlər və sair və ilaxırlar güllələnməliydilər. Əmin olun ki, “və sairlər”in içində sizi də divara söykəyəcəkdilər.

Yox, Dzerjinskidən sonrakı, Yejovun, Yaqodanın, Beriyanın dövrünə dönmək istəyirsinizsə, yenə bilməlisiniz, Stalin güllələnmə planı qoymuşdu, orqanlar gözlərinə fəal görünənləri bir-birinin üzünə qoyub basırdılar içəri, ya güllələyirdilər, ya da Sibirə, meşə qırmağa, kömür çıxartmağa göndərirdilər. SSRİ-yə işçi qüvvəsi lazım idi. Siz də, maşallah, turp kimisiniz, basacaqdılar Maqadana, 40 dərəcə şaxtada əliniz donacaqdı, bayraq qaldıra bilməyəcəkdiniz.

Bəlkə SSRİ dövrünün ən şərəfli dövrünə – 1941-45-ci illərə qayıtmaq istəyirsiniz? Müharibədə qırılıb gedən 26 milyon insandan biri olmayacağınıza təminat varmı? Yoxdur. Bildiyiniz kimi, SSRİ-nin baş ölkəsi hazırda da müharibə aparır, gənc insanları alay-alay, briqada-briqada qabağa verib qırdırır. Yenidən Rusiyaya yamansanız, “böyük qardaş”ınız sizi verəcək güllənin, mərminin qabağına.

Xruşov dövrünün SSRİ-sinə qayıtmaq fikriniz varsa, vüsət alan tikinti-quruculuq işlərinə töhfə verə bilərsiniz. İntəhası, tapsanız, yavan qarğıdalı çörəyi yeyəcəksiniz, tapmasanız, ac oturacaqsınız. Etiraz etsəniz, komsomoldan çıxaracaqlar, bayraq qaldırmaq istəsəniz, bayrağın sapını təpənizin ortasından qoyacaqlar, deyəcəklər: “Dünənki işinə görə sağ ol, bugünkünə cavab ver”.

Hə, Brejnev dövrü sizə bir az şirin görünə bilər. Hamı işləyirdi, hamı qazanırdı, elə gəzirdik, belə yeyib-içirdik-zad. O dövrü görənlərdən soruşun. Moskvaya, Leninqrada ağlınız getməsin, bu tərəflərdə qıtlıq idi. Adi cins şalvar 250 rubldan aşağı deyildi. Ayaqqabının ən ucuzu – 50-70 rubl idi. Hələ o da əl altından ala bilsən. Yalançı “plan doldurma”lar, şişirtmə rəqəmlər, talançılıq, təsərrüfatsızlıq, demaqogiya-filan…

Andropov dövrünə qayıtmaq istəməzsiniz, küçədə sərbəst gəzmək olmazdı, boyunlayıb milis bölməsinə aparırdılar, hamı iş yerində və ya dərsdə-filanda olmalıydı.

Qorbaçovun dönəmindən xəbəriniz yoxdursa, qısaca deyim: alkoqolizmə qarşı mübarizə – vodkaların yoxa çıxması, yenidənqurma – demaqogiya və hər ağızdan bir avaz gəlməsi, aşkarlıq – illərlə varidat qamarlamaq istəyənlərin pis niyyətinin aşkara çıxması, millətlərarası münaqişələr, öz haqqını müdafiə edənlərin üstünə tank yeridilməsi (Almatı, Tiflis, Bakı, Vülnüs qırğınları) və tərifli SSRİ-nin dağılması…

İndi seçin, bu dövrlərin hansına qayıtmaq istəyirsiniz? Konkret il göstərin. Düz-əməlli, xoşbəxt bir il, heç olmasa, yarımil tapa bilsəniz, onu nümunəyə çevirək, deyək ki, bəli, məsələn, 1985-ci ilin may-dekabr arasındakı SSRİ-yə qayıtmaq istəyirik.

Bax, ona görə bir az yaşlılar tez-tez deyirlər ki, “indiki cavanlar bilməz, bizim vaxtımızda…”

Düzdür, onlar arada SSRİ dövründə yaxşı yaşamalarından və Qorbaçovun o boyda dövləti dağıtmasından danışırlar, amma söhbətə qapılıb belə etiraflar da edirlər: “Trestin sementini, şiferini, nə bilim, armaturunu, daşını satırdıq, 2-3 min rublu cibimizə qoyub özümüzü verirdik Soçi, Qaqra tərəflərə, 15 gün ley-pey, lotuşkalarla dans-mans, qayıdıb gəlirdik”; “Çaxıra sudan helləyib göndərirdik Sibirə, quzu kimi sümürürdülər, pul sel kimi gəlirdi, bir dəfə su çox olmuşdu, çaxır dolu vaqonlar donmuşdu, pulumuzu ödəmədilər”; “Bizim zavodda işləyən-zad yox idi, gəlib tabelə qol çəkib otururduq ağacın kölgəsində, çay-may, axşam olurdu, tabelə qol çəkib, dağılışırdıq” və s.

Əlində balaca bir vəzifəsi olan kimisə danışdırırdın, mütləq nəsə çırpışdırıb, rüşvət alıb, dövlətə kələk gəlib, öhdəsinə düşən işi yarıtmayıb, hər cür əliəyrilik edib. SSRİ-ni Qorbaçovdan qabaq özləri dağıdıb, amma deyirlər, Allah Qorbaçovun evini yıxsın.

Bax, biz elə dönəmlərdən keçib gəlmişik. Hələ biz yaxşı dövrə düşmüşdük. Bizdən yaşlılar deyirdilər ki, siz xoşbəxt gənclərsiniz, biz görənləri görmədiniz. Bizdən əvvəlkilər oxumaq üçün qışda çarıqla 5-10 kilometr aralıdakı böyük kəndin məktəbinə piyada gedirmişlər. Aclıq illərində nə zülmlər çəkiblər.

İndikilər də deyir, yaşasın SSRİ. Yaşamır, yaşaya bilmədi. Yaşasa, yaşayardı. Ölü dirilməz, dirilsə, xortdan olar, hamımızı böyüzm edər.

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button