Tiflis ekspropriasiyası – Lenin əmri, Stalinin müşahidəsi ilə 250 min rublluq soyğun

1907-ci il iyunun 3-də Tiflisin mərkəzində XX əsrin əvvəllərinin ən qəddar quldurluq hadisələrindən biri baş verib. İrəvan meydanında bir qrup silahlı şəxs nağd pul daşıyan faytona hücum edib. Qısa atışma və bomba partlayışları nəticəsində 3 mühafizəçi həlak olub, 50-yə yaxın insan (əsasən ətrafdakılar) yaralanıb. Cinayətkarlar həmin vaxt üçün heyrətamiz bir məbləğlə – 250.000 rubl (bu gün təxminən 5 milyon dollara bərabər) pulla qaçıblar. Bu, Rusiya Sosial Demokrat Fəhlə Partiyası (RSDFP ) rəhbərliyi tərəfindən icazə verilən terror aktı olub.
Araşdırmalara görə, əməliyyata həmin vaxt Berlində olan Vladimir Lenin şəxsən nəzarət edib. Təşkilatçılar Simon Ter-Petrosyan (Kamo), Maksim Litvinov (o zaman Meer Valax, gələcək SSRİ xarici işlər naziri), Leonid Krasin (SSRİ-nin gələcək xarici ticarət naziri) və İosif Stalin olub.
![]()
Cinayəti törədənlər Kamo tərəfindən “əməkdaşlığa” cəlb edilən yerli cinayətkarlar: Eliso Lomidze, Datiko Çiabrişvili və iki qadın Anneta Sulakvelidze ilə Patsia Qoldava olub. Qadınlar nağd pul daşıyan faytonun marşrutunu izləyib, cinayət ortaqlarına xəbərdarlıq edib və hücumdan sonra onlara Tiflisin dolaşıq küçələri ilə qaçmağa kömək ediblər.
Cinayətkarlar faytona doğru bir neçə bomba atıblar. Hücumda revolverlərdən də istifadə edilib. Zabit forması geyinmiş Kamo ilk partlayışdan sonra faytonu daşıyan atlara yetişib və tapançadan atəş açaraq iki kisə pul ələ keçirib. Hücum edənlər daha sonra qaçıblar və onların heç biri tutulmayıb.
Roman Brakman iddia edib ki, Koba çar məxfi polisinin məlumatçısı işləyib və planlaşdırılan hücum barədə polis şöbəsinə məlumat verməli imiş. Amma nədənsə o, bunu etməyib. Yazıçı Stalinin oğurluqda iştirakını belə təsvir edib: “Oğurluq zamanı Koba evinin ağzında dayanıb siqaret çəkib, qanlı mənzərəni seyr edib”.
![]()
Keçmiş RSDFP üzvü, 1920-ci illərdən mühacirətdə olan Tatyana Vulix öz xatirələrində yazıb ki, 1900-cü illərin əvvəllərində Sosial Demokrat Partiyasının “mübariz təşkilatı” tərəfindən həyata keçirilən bütün hadisələrin arxasında Stalin dayanıb. Amma o, heç vaxt ekspropriasiyalarda şəxsən iştirak etməyib.
İnqilabçılar bu yolla əldə etdikləri vəsaitin bir hissəsini xaricə, konkret olaraq Paris və Münhenə aparıb yerli valyutaya dəyişməyə cəhd göstəriblər. Hətta Lenin bu tapşırığı Stalinə həvalə edib. Fransız və alman polisi külli miqdarda nağd pul daşıyan bir neçə kuryeri həbs edib və bu həbslər tez bir zamanda Tiflisdəki hadisə ilə əlaqələndirilib.
“New Times” qəzetinin araşdırmasına görə, nağd pul daşıyan faytona hücumun birbaşa dörd iştirakçısının həyatının necə başa çatdığı indi dəqiq məlumdur. Onlardan ikisi, Eliso Lomidze və Patsia Qoldava hücum zamanı vərəmin ağır formasından əziyyət çəkiblər. Lomidze 1917-ci ildə, fevral inqilabından sonra Sibir sürgünündən azad edildikdən sonra ölüb. Qoldava hücumdan sonra bir neçə il yaşasa da, xəstəlik onun həyatına son qoyub. Vaneçka ləqəbli Vano Kalandadze Bakıda onu həbs etməyə gələn jandarmlara müqavimət göstərərkən güllələnib.
![]()
Görünür, ən uzun ömür sürən Kamo (Ter-Petrosyan) olub. Onun həyat yoldaşı Sofya Medvedyevanın xatirələrinə görə, Ter-Petrosyan 1907-ci ilin payızında Berlində həbs edilib. Yerli polis onun mənzilindən silahlar, partlayıcı maddələr və inqilabi ədəbiyyat tapıb. Məhkum Moabit həbsxanasında özünü dəli kimi göstərib və Rusiyaya ekstradisiya edilib. Üç ildən sonra o, Tiflisdəki ruhi xəstəliklər xəstəxanasından qaçaraq xaricə getməyi bacarıb, Parisdə isə Leninlə görüşüb. Rusiyaya qayıtdıqdan sonra o, Kordjok şossesində başqa bir terror aktı təşkil etməyə cəhd edib, lakin hücum uğursuz olduğu üçün dəstə üzvlərinin əksəriyyəti qaçıb.
Kamo yenidən həbs olunub və ittiham olunduğu dörd cinayətin hər birinə görə edama məhkum edilib. Lakin yaraqlıya Romanovlar sülaləsinin 300 illiyi şərəfinə amnistiya verilib və onun ölüm hökmü 20 illik ağır əməklə əvəzlənib. Fevral inqilabı Kamonu Xarkov həbsxanasından azad edib.
O, Şimali Qafqazda ağqvardiyaçılar hərəkatına qarşı mübarizədə fəal iştirak edib, ömrünün son illərində Xarici Ticarət İdarəsində və Gürcüstan Xalq Maliyyə Komissarlığında çalışıb. Lenin Ter-Petrosyanın “işlərini” çox yüksək qiymətləndirib. Hətta ilk sovet liderinin toplanmış əsərlərində onun tərifi qeyd olunub. 1922-ci ilin yayında Kamonu Tidlisdə yük maşını vurub öldürüb. O, velosiped sürərkən maşının altında qalıb. Terrorçu aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün



