SON DƏQİQƏ! Ukrayna Donbasda “azad iqtisadi zona” yaradılmasına razılaşıb?

Ukraynanın ABŞ-a təqdim etdiyi sülh planının son variantı Donbasdan həm Rusiya, həm də Ukrayna qoşunlarının çıxarılmasını və bölgədə “azad iqtisadi zona”nın yaradılmasını nəzərdə tutur.
Polise.az xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt təsdiqləyib ki, prezident Donald Tramp Ukraynanın təklif etdiyi planla tanış olub. Sənədin ABŞ, Ukrayna, Fransa, Almaniya və Böyük Britaniyanın iştirakı ilə müzakirə ediləcəyi gözlənilir.
Eyni zamanda “Politico”nun mənbələri Rusiyanın demilitarizasiya olunmuş Donbasda “azad iqtisadi zona” yaradılması ideyasını dəstəkləyəcəyinə şübhə ilə yanaşırlar. Onların sözlərinə görə, Tramp Ukraynanı münaqişədə daha zəif tərəf hesab edir və buna səbəb kimi son korrupsiya qalmaqalını göstərir. Mənbələrdən biri bildirib ki, “Ağ Ev bu korrupsiya qalmaqalından prezident Volodimir Zelenskiyə təzyiq göstərmək üçün istifadə edir”.
İndiyədək Rusiya prezidenti Vladimir Putin müharibənin başa çatması üçün Kiyevdən Donbasdan qoşunların çıxarılmasını tələb edib. O, həmçinin bu bölgənin tarixi baxımdan Rusiyaya məxsus olduğunu və Moskva tərəfindən hərbi və ya digər yollarla geri qaytarılacağını bəyan edib.
Bununla yanaşı, Zelenski bildirib ki, Donbasda “azad iqtisadi zona” yaradılması ideyası ABŞ tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, Vaşinqton kompromisi belə görür: Ukrayna qoşunları bu ərazidən çıxır, Rusiya qoşunları isə ora daxil olmur. Bununla belə, həmin zonaya kimin nəzarət edəcəyi hələ də aydın deyil. Zelenski vurğulayıb ki, Rusiyaya hər hansı ərazi güzəşti yalnız Ukrayna xalqının referendumda razılığı ilə mümkündür.
Zelenskinin sözlərinə görə, sülh danışıqları çərçivəsində Rusiyanın Xarkov və Sumı vilayətlərinin şimal-şərqində, eləcə də Dnepropetrovsk vilayətinin cənub-şərqində yerləşən bəzi kiçik ərazilərdən qoşunlarını çıxarması da müzakirə olunur. Rusiya tərəfindən qismən işğal olunmuş Zaporojye və Xerson vilayətlərində təmas xətləri isə hazırkı mövqelərdə qalacaq.
Ukrayna prezidenti əlavə edib ki, ABŞ həmçinin hazırda Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının birgə idarə olunması imkanını nəzərdən keçirməyi təklif edib.
Polise.az



