Rəşad Mustafayev: Əlilliyi olan şəxslərlə bağlı son 6 ildə 5 sosial islahat paketi icra olunub

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası Azərbaycanın əsas sosial siyasət istiqamətlərindən biridir. Prezidentin tapşırığı ilə son 6 il ərzində ölkədə 5 sosial islahat paketi icra olunub. Bu islahatlar 4 milyondan çox vətəndaşı əhatə edib.
Polise.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev “Mediada inklüziv dildən istifadənin təşviqi” mövzusunda keçirilən seminar zamanı bildirib.
“Sosial islahatlar çərçivəsində sosial ödənişlərin maliyyələşdirilməsinə ümumilikdə 7,6 milyard manat əlavə vəsait ayrılıb. Nəticədə əlilliyi olan şəxslərə verilən pensiya, müavinət və təqaüdlərdə əhəmiyyətli artımlar təmin olunub.
Bununla yanaşı, ölkədə müasir reabilitasiya sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Reabilitasiya mərkəzlərinin şəbəkəsi genişləndirilib, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan yeni reabilitasiya metodlarının tətbiqinə başlanılıb. Görülən tədbirlər əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsinə və onların cəmiyyətin aktiv üzvü kimi iştirakına xidmət edir”,- o qeyd edib.
Polise.az



