21 kilometrlik ərazi… – Zəngəzurda dalğalanan bayrağımız erməniləri qorxuya saldı

Ermənistanda müxalif “Bizim yolumuz” hərəkatının üzvləri Zəngəzur bölgəsinə səfər zamanı yolda dalğalanan Azərbaycan bayraqlarının fotosunu çəkərək, “düşmən ölkənin bayrağının dalğalandığı Paşinyanın dünyası” tipli paylaşımlar edib.
Azərbaycan bayrağının dalğalandığı bölgə sərhədin delimitasiya edilmiş hissəsidir.
Erməni revanşistlər üçrəngli bayrağımızla hansı yolda rastlaşdıqlarını qeyd etməsələr də, böyük ehtimalla söhbət Gorus-Qafan yolunun 21 kilometrlik hissəsindən gedir. 2021-ci ildə sərhədin delimitasiyası nəticəsində bu ərazilər Azərbaycana qaytarılıb. Lakin bayrağımızdan qorxuya düşən revanşistlər bunu Paşinyana qarşı anti-təbliğat məqsədilə istifadə etməyə çalışır.
Paşinyanın lideri olduğu partiyanın deputatı Narek Qəhrəmanyan isə yolda Azərbaycan bayrağının dağlanmasına aydınlıq gətirib. Bildirib ki, Azərbaycan bayraqları 2021-ci ildən bəri bu ərazidədir: “Sadəcə olaraq, bu insanlar (“Bizim yolumuz” hərəkatının üzvləri) siyasətlə yeni məşğul olduqları üçün baş verənlərdən xəbərsizdir. Həmin ərazilər Azərbaycana məxsusdur”.
Qəhrəmanyan qeyd edib ki, sərhədin delimitasiyası təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.
“Bu bölgədə təkcə 8 avqustdan sonra (Vaşinqton anlaşması-red) deyil, ondan da əvvəl atışma olmayıb. Sünikdə (Zəngəzur) atışmanın olmaması çox şeydən xəbər verir. Məsələn, Mehridə daşınmaz əmlak qiymətlərinin 50 faiz artdığına dair məndə məlumat var. Bu, 8 avqust sazişinin müsbət təsirini göstərən faktdır. Mən Qafan sakiniyəm və ora tez-tez baş çəkirəm. Deyə bilərəm ki, 1990-cı illərin əvvəllərindən etibarən hərbi əməliyyatların şahidi olan Sünik bölgəsində itkisiz, yaxud atışmanın olmadığı bir il belə keçməyib. İndi sakinlər mövcud vəziyyətdə məmnundurlar”, – o bildirib. /Publika.az/
Polise.az



