Amnistiya aktı bu tarixdə hazır olacaq – müzakirələr başlayır

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Milli Məclisə ünvanlı amnistiya təşəbbüsü ilə çıxış edib. Qarşıdakı amnistiya aktının təxminən 20 min nəfəri əhatə edəcəyi gözlənilir. 

Bəs parlament müzakirələrə nə vaxt başlayacaq? Müzakirələr nə qədər sürə bilər və sənəd nə vaxta hazır olacaq, qüvvəyə nə vaxt minəcək? İcrasına nə vaxt başlanacaq? Təcrübə nə deyir? 

Əfv Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Prezident İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü artıq real hüquqi prosedur mərhələsinə keçib. Onun sözlərinə görə, Prezidentin Milli Məclisə ünvanladığı müraciət və bu müraciət əsasında hazırlanmış amnistiya aktı layihəsi artıq parlamentə daxil olub və müzakirə mexanizmi işə düşüb: “Layihə 16 dekabr tarixində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilərək, 19 dekabrda keçiriləcək plenar iclasa tövsiyə olunub”.

Əliməmməd Nuriyev qeyd edib ki, bu mərhələ artıq təşəbbüsün praktiki müstəviyə keçdiyini göstərir: “Komitə mərhələsinin başa çatması onu göstərir ki, məsələ artıq konkret qərar fazasındadır. Bu, parlament prosedurunda ciddi irəliləyiş sayılır və prosesin planlı şəkildə getdiyini göstərir”.

Onun sözlərinə görə, Prezidentin təşəbbüsü ilə irəli sürülən amnistiya aktları Milli Məclis praktikasında adətən operativ şəkildə baxılan məsələlər sırasına daxildir: “Belə təşəbbüslər uzun müzakirələrə buraxılmır. Artıq komitə rəyinin verilməsi onu deməyə əsas verir ki, sənəd plenar iclasda da ciddi ləngimə olmadan müzakirə edilə bilər”.

Əliməmməd Nuriyev vurğulayıb ki, gözlənilən amnistiya aktının geniş əhatə dairəsi müəyyən hüquqi dəqiqləşdirmələri qaçılmaz edir: “Təxminən 20 min nəfəri əhatə edə biləcək bir sənəddən danışırıq. Bu miqyas texniki baxımdan maddələr üzrə dəqiqlik tələb edir. Amma bu, prosesi uzatmaq üçün yox, səhvsiz və ədalətli tətbiq üçün lazımdır”.

Hüquqşünasın sözlərinə görə, amnistiya aktı qəbul edildikdən sonra dərhal qüvvəyə minir, lakin icra prosesi mərhələli şəkildə həyata keçirilir: “Qanun qəbul olunur, amma icra bir gündə başa çatmır. Penitensiar müəssisələr, məhkəmələr, probasiya və istintaq orqanları üzrə hüquqi filtrasiya aparılır. Bu proses bir neçə ay çəkə bilər və bu tam normaldır”.

Əliməmməd Nuriyev hesab edir ki, bu təşəbbüsün əsas məzmunu yalnız hüquqi yox, həm də ictimai-siyasi xarakter daşıyır: “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya dövlətin zəifləməsi yox, güclü dövlətin verdiyi balanslı qərardır. Dövlət göstərir ki, cəza məqsəd deyil, vasitədir və əsas hədəf insanın cəmiyyətə qayıdışıdır”.

Onun fikrincə, bu addım eyni zamanda cəmiyyətə də aydın mesaj verir: “Bu cür qərarlar hüquqi sistemdə gərginliyi azaldır, cəmiyyətlə dövlət arasında etimadı möhkəmləndirir və ikinci şans anlayışının real mexanizm olduğunu göstərir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button