Tramp “green card” lotereyasını dayandırdı: “Terrorçular gəlir, fəlakətli proqramdır”

ABŞ prezidenti Donald Trampın administrasiyası immiqrasiya üzrə “green card” lotereyası kimi tanınan Müxtəliflik Vizası Proqramının (DV-1) fəaliyyətini dayandırıb.
Polise.az xəbər verir ki, qərar ABŞ-da baş verən son silahlı insidentdən sonra qəbul edilib.
ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem bildirib ki, Braun Universitetində baş vermiş silahlı hücumun iştirakçısı Klaudio Manuel Neves Valente 2017-ci ildə məhz DV-1 proqramı çərçivəsində ABŞ-a daxil olub və sonradan “green card” alıb. Nazir həmin şəxsin ölkəyə buraxılmasını “faciəvi səhv” adlandırıb.

Kristi Noemin sözlərinə görə, bu, ilk belə hal deyil. O xatırladıb ki, 2017-ci ildə Nyu-Yorkda baş vermiş terror aktının icraçısı da ABŞ-a DV-1 proqramı vasitəsilə daxil olmuşdu. Həmin hücum zamanı İŞİD terrorçusu yük maşını ilə insanları vuraraq 8 nəfəri öldürmüşdü. Elə həmin dövrdə də prezident Tramp bu proqramın ləğvi uğrunda mübarizə aparmışdı.
Nazir vurğulayıb ki, prezident Trampın birbaşa tapşırığı ilə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) dərhal göstəriş alıb və DV-1 proqramının icrası dayandırılıb. Məqsəd isə, onun sözlərinə görə, “bu fəlakətli proqram nəticəsində amerikalıların daha artıq zərər görməsinin qarşısını almaqdır”.
ABŞ administrasiyası hesab edir ki, “green card” lotereyası ölkənin milli təhlükəsizliyi üçün risk yaradır və bu proqram vasitəsilə ABŞ-a daxil olan şəxslərin yetərincə ciddi təhlükəsizlik yoxlamasından keçmədiyi hallara rast gəlinir.
Qeyd edək ki, DV-1 proqramı uzun illərdir ABŞ-da miqrasiya və təhlükəsizlik mövzusunda ciddi mübahisələrə səbəb olurdu. Tramp administrasiyasının bu addımı isə immiqrasiya siyasətinin daha da sərtləşdirilməsi kimi qiymətləndirilir.
Polise.az


