Səltənət bitdi: Gültəkin Hacıbəylinin cavab vermək vaxtıdır

Türkiyə məhkəməsinin Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin 5 il müddətinə deportasiya edilməsi qərarı ölkədə həm hüquqi, həm də siyasi rezonans yaradıb. Görünür, yaxın günlərdə Hacıbəyli Azərbaycana ekstradisiya olunacaq və bu, onun uzun illər gizlətməyə çalışdığı səltənətinin və şəxsi maraqlarının üstünün açılması ilə nəticələnəcək. Bu proses bir daha göstərir ki, heç kim törətdiyi əməllərdən qaça bilməz – siyasi mövqe və nüfuz qanundan üstün deyil.

Gültəkin Hacıbəylinin siyasi karyerası Ramiz Mehdiyevin himayəsi ilə sıx bağlı olub. Məlumatlara görə, Hacıbəyli deputat seçilərkən vəzifəyə gəlməsi üçün Mehdiyevin dəstəyi və xeyir-duası mühüm rol oynayıb. Bundan sonra Ramiz Mehdiyev Hacıbəyliyə “xidmətlərinə” görə külli miqdarda pul, Bakı şəhərində iki mənzil, Goranboy rayonunda torpaq sahələri, karyer və biznes imkanları verib. Bu faktlar onun siyasi nüfuzundan və yaxınlığı sayəsində əldə etdiyi şəxsi sərvətdən xəbər verir.

Goranboy rayonunda Hacıbəylinin fəaliyyətləri və əmlak əldə etməsi isə xüsusilə diqqət çəkir. Sakinlərin bildirdiyinə görə, deputat olduğu dövrdə Hacıbəyli rayon ərazisində hektarlarla torpaq sahəsini mənimsəyib, karxanalar və malikanələr qurub, bəzilərini hissə-hissə satışa çıxarıb. Goranboylular onu yalnız şəxsi maraqlarını güdən deputat kimi xatırlayırlar. Sakinlərin sözlərinə görə, Hacıbəyli rayonda tikintisinə başlaya bilmədiyi ticarət mərkəzini isə mandatı bitdikdən sonra yarımçıq qoyub, planladığı layihəni reallaşdıra bilməyib.

Hacıbəylinin fəaliyyəti yalnız Goranboyla məhdudlaşmayıb. O, Milli Məclisdəki məşhur intriqalarda da iştirak edib, parlamentdən Ramiz Mehdiyev üçün söz daşıyıb, həmkar deputatlara qarşı şər-böhtan kampaniyaları qurub. Ramiz Mehdiyevin dəstəyi ilə bu kampaniyalar mətbuatda da dövr etdirilib və deputatın “qələmi qırılıb”. Bu isə göstərir ki, Hacıbəyli siyasi proseslərin manipulyasiyasında həm siyasi mentorundan, həm də öz nüfuzundan istifadə edib.

Bakı şəhərində isə Hacıbəyliyə verilən mənzillər onun Ramiz Mehdiyevin “mükafatlandırması” ilə bağlıdır. Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 A ünvanında yerləşən mənzillərdən biri onun atasının adına rəsmiləşdirilib, digər mənzil isə bacısı Aytən Hacıyevanın adına keçirilib. Hacıbəyli bu mənzilləri hazırda yüksək məbləğə kirayə verir. Bu faktlar onun “siyasi qazancının” vizual sübutudur və cəmiyyətin yaddaşında uzun müddət qalacaq.

Məlum olur ki, Gültəkin Hacıbəyli və onun kiçik dəstəsi Milli Şurada özünü “müxalif siyasətçi” kimi göstərmək üçün cəhdlər etsə də, cəmiyyət onun keçmiş səltənətini, Goranboy və Bakıdakı əmlaklarını, Ramiz Mehdiyev himayəsində qazandığı üstünlükləri unutmur. Bu gün Hacıbəylinin cavab vermək zamanı gəlib. Çünki hər kəs törətdiyi əməllərə görə qanun qarşısında məsuliyyət daşımalıdır.

Gültəkin Hacıbəyliyinin və onun yaxın çevrəsinin fəaliyyəti həm hüquqi, həm də siyasi aspektdən ciddi təhlil tələb edir. Onun Ramiz Mehdiyevin adamı olması, radikal müxalifət düşərgəsinə yerləşdirilməsi və siyasi proseslərin manipulyasiyasında istifadə olunması faktları mediada dəfələrlə işıqlandırılıb. Bu hadisələr cəmiyyət üçün bir daha sübut edir ki, siyasi nüfuzdan sui-istifadə, şəxsi maraqların güdülməsi və qanunsuz əmlak toplama hallarının qarşısı hüquqi yollarla alınmalıdır./Mənbə musavat/

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button