Saakaşvilidən XƏBƏRDARLIQ: Gürcüstan TƏHLÜKƏDƏ!

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəsinin Ukraynaya dəstək sənədini imzalaması ilə bağlı yayılan qərarın ətrafında yaranmış situasiyaya dair sərt və diqqətçəkən paylaşım edib.

Musavat.com xəbər verir ki, Saakaşvilinin fikrincə, bu addım yalnız beynəlxalq təzyiqlər və ya “kimyəvi araşdırma” qorxusu ilə izah edilə bilməz, məsələ daha dərin və təhlükəli xarakter daşıyır.

O bildirib ki, Gürcüstanın Ukraynaya dəstək verməsi Rusiyanı qəsdən qıcıqlandıran addımlar silsiləsinin tərkib hissəsidir və Moskvanın son mesajları bunu açıq şəkildə təsdiqləyir. Saakaşvili xatırladıb ki, son dövrlər Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya XİN-in sözçüsü Mariya Zaxarova açıq bəyanatlarla çıxış edərək Gürcüstanla münasibətlərin bərpası üçün heç bir əsas görmədiklərini bildiriblər.

Saakaşvilinin sözlərinə görə, real vəziyyət ondan ibarətdir ki, Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Gürcüstanın qeyri-rəsmi lideri Bidzina İvanişvili onu aldadıb və mövcud proseslər göstərir ki, bu qənaət yanlış da olmaya bilər. O qeyd edib ki, İvanişvili Rusiyanı razı salmaq üçün imkanları daxilində bütün addımları atıb: Avropa İttifaqından imtina edilib, Saakaşvili uzun müddətdir həbsdə saxlanılır, osetinlərdən üzr istənəcəyi açıqlanıb, Tsulukiani Gürcüstanın müharibədə günahlandırılması ilə bağlı çıxışlar edib, Azərbaycan istiqamətində yüklərin tranziti bağlanıb. Lakin bütün bunlar belə Moskva üçün yetərli olmayıb.

Saakaşvili vurğulayıb ki, zəifləmiş və təcrid olunmuş Gürcüstandan Rusiya artıq daha ağır və təhlükəli tələblər irəli sürür. Onun iddiasına görə, Moskva İvanişvilidən Abxaziya və “Cənubi Osetiya”nın tanınması ilə bağlı verdiyi vədlərin yerinə yetirilməsini, ilk mərhələdə isə bu qurumlarla rəsmi müqavilələrin imzalanmasını gözləyir. Bununla yanaşı, Gürcüstanın yenidən MDB-yə qayıtması, Gömrük İttifaqına daxil olması, dərhal neytrallıq elan etməsi və ölkə ərazisində Rusiya “antiterror mərkəzi”nin yaradılması da Moskvanın tələbləri sırasındadır. Saakaşvili əlavə edib ki, daha iki tələb də mövcuddur, lakin müəyyən səbəblərə görə onları açıqlamır.

Sabiq prezidentin fikrincə, mövcud hakimiyyət Avropadan sonra indi də Rusiyaya “dərs vermək” yolunu seçib, lakin arqumentlərə məhəl qoymayan Kreml qarşısında bu xətt son dərəcə təhlükəlidir. Saakaşvili hesab edir ki, “gürcü cəmiyyətinin hazırkı əhval-ruhiyyəsi fonunda İvanişvilinin daha irəli gedə bilməyəcəyi” arqumenti Rusiyanı dayandırmayacaq və bu siyasət Gürcüstan üçün çox ağır nəticələrə gətirib çıxara bilər.

O sonda bildirib ki, baş verən bütün proseslər hər bir gürcü üçün real və ciddi təhlükə mənbəyinə çevrilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button